Rəşad Sadıqov: “Meydanda istədiyim futbolu gördüm”
21.12.2024 - 21:28
Rəşad Sadıqov: “Meydanda istədiyim futbolu gördüm”

Misli Premyer Liqasının XVIII turunun "Səbail" - "Zirə" matçından (1:1) sonra qonaqların baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib.

"Olduqca vacib oyunda önəmli qələbə qazandıq. İlin son oyunu idi. Son oyunlar həmişə xüsusi olur. Futbolçular istər-istəməz istirahətə hazırlaşır. Belə matçlara köklənmək çətindir. Qarşımızda əzmkar "Səbail" var idi. Bilirdik ki, oyun ağır keçəcək. Elə də oldu. Şükürlər olsun ki, sonda lazım olan qolu vurub qələbə qazandıq. Mövsümün ikinci yarısına yaxşı hazırlaşmalıyıq. Çünki Azərbaycan çempionatında ikinci yarı həmişə çətin olub. Sona yaxınlaşdıqca hər xal önəmli olacaq". 

- Futbolçuların performansından razı qaldız?
- Bir neçə kombinasiyalı hücumlarımız oldu. Sadəcə olaraq futbolçular həmin epizodlarda fərqlənə bilmədi. Son turlarda heç kim "Səbail"lə matçda asan qələbə qazanmamışdı. Səfərdə, süni örtükdə oynamaq bizim üçün əlavə problem idi. Birinci hissə diktəmizlə keçdi. İkinci yarıda pauzalar çox oldu. Bizim qola qədər oyunun dinamikası çox aşağı düşmüşdü. Qoldan sonra hər iki komanda canlandı. Meydanda istədiyim futbolu gördüm. Çətin oyun idi. Elə oyunlar olur ki, tam da istədiyin futbolu göstərə bilməzsən, amma qələbə qazanmaq çox önəmlidir. Bu da onlardan biri idi.

- "Səbail"lə oyun futbolçuların performansını qiymətləndirmək üçün meyardır?
- Premyer Liqada son pilləni tutan komanda aşağı liqaya düşəndən sonra çempionatda rəqabət artıb. "Kəpəz"ə 4:0 hesabı ilə qalib gəlmişik. Amma deyə bilmərəm ki, həmin matçda bugünkündən yaxşı oynamışdıq. Komandaların hansı pillədə olmasından asılı olmayaraq onların arasında heç bir fərq görmürəm. Çempionat çox gərgin keçir. Düşünürəm ki, bu, futbolumuzun inkişafına yol açacaq.

- Sizcə ilin ən yaxşı futbolçusu kimdir?
- Açığı bu haqda düşünməmişəm. Gərək bir az fikirləşək, millinin, klubların avrokubok oyunlarını gözümüzün qabağında canlandıraq. Yəqin ki, Toral Bayramovla Elvin Cəfərquliyev arasında böyük rəqabət olacaq. Mahir Emreli də namizədlərdən ola bilər. Qismət Alıyev də yaxşı performans göstərir.

writer photo
Əlirza Əlirzalı
0