“Araz-Naxçıvan”ın müdafiəçisi Slavik Alxasov apasport.az saytına müsahibə verib.
- “Səbail”lə görüşdə qələbə qazandız. Matç sizin üçün necə alındı?
- Biz hər oyuna olduğu kimi, bu matça da ciddi hazırlaşmışdıq. İstəyirdik ki, "Səbail"lə matçdan maksimum nəticə ilə ayrılaq. Bunu da bacara bildik. Çətin oyun oldu. Üstəlik, meydança amili də var idi. "Səbail" özü də yaxşı oyun nümayiş etdirdi. İstənilən halda, biz qalib gəlməyi bacardıq. Yolumuza davam edirik.
- “Səbail”in qapısına təyin edilən penalti rəqib tərəfdən narazılıqla qarşılandı. Epizodun qəhrəmanı sən idin. Həmin epizodu necə şərh edərdin?
- Qapıya zərbə endirdikdən sonra rəqib müdafiəçi tərəfindən sol ayağıma toxunuş oldu. Ümumiyyətlə, penalti necə olur ki? Cərimə meydançasının içərisində hansısa müdaxilə penalti olmalıdır. Hakim var da, mən qaydaları ondan yaxşı bilmərəm. VAR-a baxıb, penalti təyin etdi. Özüm də təkrara baxmışam, aşkar penaltidir.
- Baş məşqçi sintetik meydançada oynamağın sizin üçün daha çətin olduğunu bildirdi. Həqiqətən çətinlik çəkirsiz sintetik meydanda?
- Biz məşqlərimizi təbii örtüklü meydanda edirik. Ev oyunlarımızı da təbii örtüklü meydanda oynayırıq. Ona görə sintetik meydançaya çıxanda istər-istəməz çətinlik yaşayırıq. Bu, təkcə bizdə olmur. Digər komandalar da çətinlik çəkir.
- Bu matç karyeranda 301-ci matç idi Premyer Liqada. İlk oyununu xatırlayırsan Premyer Liqada? Səncə, maksimum neçə oyun oynaya biləcəksən?
- Şadam ki, 301 oyun oynamışam. Birinci oyunumun 90 dəqiqəsini xatırlayıram. "Xəzər Lənkəran"a qarşı oynamışdım. Bundan sonra hələ nə qədər oynayacam, onu zaman göstərəcək. 31 yaşım var və hələ ki, özümü yaxşı, gümrah hiss edirəm.
- Çoxları üçün "Araz-Naxçıvan"ın bu mövsümkü çıxışı gözlənilməz idi. Səncə, komandanız necə oldu ki, belə nəticələr qazandı?
- Komandamızda intizam yüksək səviyyədədir. Bir-birimizlə münasibətimiz əladır, mehriban kollektivik. Məşqçilər korpusu, rəhbərlik də oyunçulara çox dəstək olur. Təcrübəli oyunçular çoxdur. Nəticələr də uğurlu olandan sonra, həmişə hər şey yaxşı olur. Çalışacağıq ki, bunu sona qədər edək. Hər bir halda, futboldur. Çalışmasan, vuruşmasan, mübarizə aparmasan, alınmır.
- Son vaxtlar əsas heyətdə meydana çıxırsan. Artıq demək olar ki, məşqçilər korpusunun etimadını qazana bilmisən?
- Bizim komandada elə aura var ki, ehtiyat və əsas heyət söhbəti olmur. Elmar müəllim özü də, hər oyundan qabaq bu sözü təkrarlayır ki, kimi əsas heyətdə, kimi sonradan meydana daxil edirsə, hamı maksimum nəticə göstərmək istəyir. Komandanın uğuru üçün 100 faizimizi meydanda qoyuruq. Bu da sevindirici haldır. Bütün bunlar kollektivimizin yaxşı olmasını göstərir.
- Qarşıdakı turlarda “Araz-Naxçıvan” “Sabah” və “Qarabağ” önünə çıxacaq. İli dörd, ya altı xalla başa vurmaq mümkündür?
- Bəli, bizi qarşıda çox çətin iki oyun gözləyir. Amma indi yalnız "Sabah"la matçı düşünürük. Çünki növbəti rəqibimiz onlardır. Çətin rəqibdir, son oyunlarda isə yüksəlişdədirlər. Bu oyuna çox ciddi hazırlaşacağıq. Maksimum nəticə əldə etmək istəyirik. Necə alınacağını zaman və oyun göstərəcək.