Vadim Abdullayev: "Hər çətinliyin ardından gözəl günlər gəlir"
09.12.2024 - 18:21
Vadim Abdullayev: "Hər çətinliyin ardından gözəl günlər gəlir"

“Əfsuslar olsun ki, 1 aydan çoxdur komandama kömək edə bilmirdim. Bu, psixoloji cəhətdən çox ağır idi”.

Bu sözləri apasport.az saytına açıqlamasında “Araz-Naxçıvan”ın futbolçusu Vadim Abdullayev deyib. 

29 yaşlı yarımmüdafiəçi komandanın lider olması ilə bağlı fikirlərini bildirib: “Ab-hava çox yaxşıdır. Belə olacağı ilk günlərdən bəlli idi. Türkiyədə təlim-məşq toplanışında olanda görünürdü ki, komanda bir-birinə uyğunlaşıb. Çox mehriban, çalışqan kollektivimiz var. Hər şey qaydasındadır. 

Komandamızın turu lider bitirməsi çox sevindirici hadisədir. "Araz-Naxçıvan"ın kapitanı olaraq, bununla qürur duyuram. Neçə illərdir ki, çəkdiyimiz əziyyətlərdən sonra bu günləri görmək mükəmməldir. Bunun davamlı olması üçün əlimizdən gələni edəcəyik. İstəyimiz “Araz-Naxçıvan”ın tarixinə düşməkdir. 

Yalnız “Qarabağ”la yox, ümumiyyətlə, hər matç bizim üçün önəmlidir. Meydana üzərimizdəki məsuliyyəti dərk edərək çıxırıq. “Qarabağ” hörmət qoyduğumuz bir rəqibdir. Nəinki biz, Ağdam təmsilçisi artıq dünya arenasında tanınan bir klubdur. İstəyirik ki, həmin matçda qələbə qazanıb, liderliyimizi davam etdirək".

O, "Səbail"lə görüşdə meydana çıxmaması barədə də danışıb: "Hər çətinliyin ardından gözəl günlər gəlir. Belə hadisələr futbolun bir hissəsidir. Bu, qaçınılmaz bir haldır. “Səbail”lə görüşdən öncəki çalışmalarda məşqçi heyətimiz matçda iştirak etməyimi məsləhət görmədilər. İnşallah gələcək oyunlarda baş məşqçimizin etimadını qazanacam. Mən haralardan qayıtmışam, burdan da qayıdacam". 

Qeyd edək ki, "Araz-Naxçıvan" Misli Premyer Liqasının XVI turunda "Səbail"i məğlub edib - 2:0.

Hacı Heydər

writer photo
Əlirza Əlirzalı
0