Türkiyə Super Liqası təmsilçilərindən “Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirmək üzrədir.
İstanbul nəhəngi Milan Şkriniarı rənglərinə bağlamağa yaxındır. Klub yaxın günlərdə onun transferini rəsmən açıqlayacaq.
Bununla da, Türkiyə çempionatında yeni intriqa yaranacaq: Milan Şkriniar – Viktor Osimhen.
Çünki Osimhenin maska taxmasının səbəbkarı məhz Şkriniardır. Hadisə slovakiyalının “İnter”, nigeriyalının isə “Napoli” forması geydiyi İtaliya A Seriyasında baş verib. Komandaların 21 noyabr 2021-ci ildə keçirilən görüşü hücumçu üçün xoş bitməyib.
XIII turun matçında Osimhen üzünə, daha dəqiq desək, başının sağ nahiyəsinə ciddi zərbə alıb. Şkriniarla hava mübarizəsində forvardın üz sümüyü qırılıb, yanaq və orbital (göz boşluğu) sümüklərində xəsarətlər yaranıb.
Zədənin ardından Osimhen cərrahiyyə əməliyyatı keçirib. Onun üz sümüyünə 6 titanyum lövhə və 18 vint yerləşdirilib. Bu tip əməliyyatların ardından zədədən sağalma müddətində üzün qorunması çox vacibdir. Həmin səbəbdən Viktor xüsusi olaraq hazırlanan karbon lifli qoruyucu maskadan istifadə etməyə başlayıb.
Hadisədən sonra həm Şkriniar, həm də “İnter” futbolçuları təəssüf hissi bildirərək, qarşı tərəfdən üzr istəyiblər. Osimhen özü də peşəkar münasibət sərgiləyərək hadisəni böyütməyib.
Qısa zaman sonra nigeriyalı yenidən futbola qayıdıb. Taxdığı maska isə onun simvoluna çevrilib. Bu səbəbdən azarkeşlər və futbol dünyasının diqqətini öz üzərinə çəkməyi bacarıb. Hazırda zədəsi olmasa belə həmin maskadan istifadə etməyə davam edir.
Əslində Osimhenlə Şkriniar arasındakı mübarizə 4 il öncəyə dayanır. İlk dəfə 2021-ci ilin 18 aprelində üz-üzə gələn rəqiblər ümumilikdə 4 dəfə qarşılaşıblar. Bütün matçlar İtaliya A Seriyası çərçivəsində baş tutub.
Həmin görüşlərin 2-də “İnter” qələbə qazanıb, ikisində isə qalib müəyyənləşməyib. Bu baxımdan Şkriniarın daha üstün tərəf olduğunu söyləmək mümkündür. Lakin önəmli bir detalı da xatırlatmaq lazımdır. Osimhen üz-üzə gəldikləri son mövsümü çempion kimi başa vurub. Həmin sezonda komanda Milan təmsilçisini məğlub etməyi bacarsa da, Viktor bu qarşılaşmanın heyətində yer almayıb.
Osimhen – Şkriniar görüşləri:
18.04.2021. “Napoli” – “İnter” 1:1
Osimhen – 74 dəqiqə, Şkriniar – 90.
21.11.2021. “İnter” – “Napoli” 3:2
Osimhen – 55 dəqiqə, Şkriniar – 90.
12.02.2022. “Napoli” – “İnter” 1:1
Osimhen – 84 dəqiqə, Şkriniar – 90.
04.01.2023. “İnter” – “Napoli” 1:0
Osimhen – 90 dəqiqə, Şkriniar – 90.