Ukrayna millisinin futbolçusu: “Azərbaycanla görüş gözlədiyimizdən daha çətin keçdi”
10.09.2025 - 09:33
Ukrayna millisinin futbolçusu: “Azərbaycanla görüş gözlədiyimizdən daha çətin keçdi”

“Azərbaycanla qarşılaşma gözlədiyimizdən daha çətin keçdi”.

Bu sözləri Apasport.az saytına açıqlamasında "Şaxtyor" və Ukrayna millisinin üzvü Mikola Matviyenko deyib.

Onun sözlərinə görə, oyunun ağır keçməsinin əsas səbəbi baş məşqçinin dəyişməsi və rəqib futbolçuların əlavə motivasiya ilə meydana çıxması olub: “İlk görüşdə böyük hesabla məğlub olmuşdular. Buna görə də evdə xal qazanmaq üçün bütün güclərini ortaya qoydular və biz də bunu meydanda hiss etdik”.

Matviyenko, həmçinin Sergey Rebrovun oyundan sonrakı davranışına da toxunub: “Baş məşqçimiz hər zamanki kimi soyuqqanlı idi. İsti-isti heç kəsə fikir bildirmədi. Daha sonra bir araya gəlib matçı təhlil edəcəyik”.

Gələcək oyunlara münasibət bildirən futbolçu meydana qələbə üçün çıxdıqlarını dilə gətirib: “Xal itkisi riski həmişə var, amma əsas məsələ hər görüşə qələbə üçün çıxmaqdır. Turnir cədvəlinə və digər qarşılaşmalara diqqət yetirmək doğru deyil. Biz yalnız öz vəzifəmizi yerinə yetirməliyik”.

O, qol vəziyyətlərinin reallaşdırılmaması barədə də danışıb: “Bəli, çətinliklər oldu. Amma bu, futbolda rast gəlinən haldır. Əsas odur ki, komanda ruhunu qoruyub mübarizəni davam etdirək”.

Matviyenko, tribunadakı azarkeşlərin dəstəyini də yüksək qiymətləndirib: “Azarkeşlər çox fəal idilər və bizə güc verdilər. Nəticə qeyri-adi oldu, lakin futbolda belə hallar mümkündür. Biz söhbətimizi etdik, nəticələr çıxaracağıq və yolumuza davam edəcəyik”.