Ayxan Abbasov: "Qorxduğumuz başımıza gəldi"
02.03.2024 - 19:23
Ayxan Abbasov: "Qorxduğumuz başımıza gəldi"

"Çətin səfər idi. "Zirə"yə səfərdə qalib gəlmək üçün çox əziyyət çəkmək lazımdır. Azarkeşlərimizə təşəkkür edirəm. Oyun baxımından üstünlük bizdə idi. İlk dəqiqələrdə qol vurduq. Birinci hissədə yüz faizli iki epizoddan yararlana bilmədik. Zədələrdən və qırmızı vərəqədən sonra bilirdik ki, rəqib ikinci yarıda dəyişikliklər edəcək və bizi əks-hücumlarda yaxalayacaq. Qorxduğumuz başımıza gəldi. Standart vəziyyətdə səhv etdik və penalti oldu. Bundan sonra epizodlar var idi. Çempionat gərgin keçir, hər xal vacibdir".

Apasport.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 25-ci turunun "Zirə" ilə matçından (1:1) sonra "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Aydın Bayramovun durumu necədir?
- Zərbə üz nahiyəsinə olmuşdu. Oynamaq istədi. Sonra başı gicəlləndi. Paltardəyişmə otağında pis deyildi.

- Son nöqtəni qoya bilməməkdə problem nədir?
- Bu gün bizim də itkilərimiz var idi. Aleks Souza zədəli idi, bir məşq etmişdi. Riskə getdik, onu meydana buraxdıq. Denis Marandiçinin yoxluğu təsir etdi. O oynayanda cinahdan asmalar daha yaxşı olur. Rəqib yaxşı müdafiə olundu. "Zirə" çempionatda ən az qol buraxan komandadır. Rəşad Sadıqov komandanı hər rəqibə görə hazırlaya bilir. Bir az da yaxşı ola bilərdik. Bunun üçün çalışmaq lazımdır.

- Bu oyunu "Zirə" ilə kubok matçı ilə müqayisə etmək olar?
- Kubok görüşündə biz qol vurandan sonra "Zirə"nin böyük təzyiqi oldu. Bu gün isə qoldan sonra oyun bizim nəzarətimizdə idi. "Zirə" ilə matçlarımız həmişə maraqlı keçir. Bir-birimizə qarşı taktiki savaş gedir.

- İsmayıl Zülfüqarlı sol cinahda nə dərəcədə effektiv oldu?
- Bu gün orada oynayacaq ən real futbolçumuz o idi. Slavik Alxasov da zədəlidir. İsmayıl əvvəlki klubunda sol cinahda oynayıb, təcrübəsi var. Pis çıxış etmədi.

writer photo
İsmayıl Xeyrullayev
0