“Şamaxı”nın albaniyalı futbolçusu Belajdi Pusi Apasport.az saytına müsahibə verib.
- “Neftçi” ilə bərabərə qaldınız - 0:0. Matçı necə qiymətləndirirsən?
- Yaxşı oyun alındı. Biz yeni komandayıq, amma yaxşı irəliləyirik. “Neftçi”yə qarşı yaxşı oynamaq və oyuna nəzarət etmək asan deyil. Amma biz bunu bacardıq. Bu, o deməkdir ki, bizdə keyfiyyət var.
- Sizcə, qələbəyə layiq idiniz? Yəni, bu görüşdə iki xal itirdiniz, yoxsa bir xal qazandınız?
- “Neftçi”dən daha yaxşı oynadığımızı düşünürəm. Məncə 3 xala layiq idik. Amma 1 xal da pis deyil. Önəmli olan odur ki, yaxşı oynayırıq və məşqdə etdiklərimizi oyunda da etməyə çalışırıq.
- “Neftçi”nin bu mövsüm güclü olacağı gözlənilirdi. Amma o qədər də güclü deyillər. Necə düşünürsən, ötən mövsüm “Neftçi”yə qarşı oynamaq daha çətin oldu, yoxsa bu mövsüm?
- İndi nəsə demək üçün tezdir. “Neftçi” böyük komandadır. Amma onlarla görüşdə biz onlardan daha yaxşı oynadıq.
- “Şamaxı”nın heyəti yeni qurulub, amma komanda çox yaxşı mübarizə aparır və yaxşı nəticələr göstərir. Son turda “Zirə”ni məğlub etdiniz, bu dəfə “Neftçi”dən xal qazandınız. Bu nəticələri gözləyirdiniz?
- Güclü komandalara qarşı oynadıq və “Sabah”, “Zirə” “Neftçi”dən xal aldıq. Biz yeni komandayıq, amma bir-birimizə uyğunlaşırıq. Komanda olaraq güclüyük. Bunun üçün bizə yaxşı taktika və məşqçi kömək edir.
- “Şamaxı” çox yaxşı çıxış edir, irəliləyir. Sizcə, bu komanda avrokuboklar uğrunda mübarizəyə qoşula bilərmi? Yoxsa, səncə, maksimum Premyer Liqada qalmaq uğrunda mübarizə apara bilərsiniz?
- Biz yalnız yaxşı oynamaq və hər oyunda xal toplamaq fikrindəyik. Başqa heç nə.
- “Turan Tovuz”da oyunun yaxşı alınırdı, yoxsa “Şamaxı”da? Sanki “Şamaxı”da daha rahat oynayırsan, daha effektli olursan...
- Fərqli tipli komandalardır. “Turan Tovuz”da daha çox uzun və birbaşa toplarla oynayırdıq. “Şamaxı”da isə qısa ötürmələrlə oynayırıq və topa sakit yanaşırıq. Amma hər iki komanda yaxşı taktikalıdır.
- İndi milli komandaların oyunları ilə bağlı fasilə olacaq. “Şamaxı” üçün yaxşıdır, yoxsa pis? Çünki “Şamaxı” yaxşı çıxış edirdi. Fasilədən sonra da “Sumqayıt”la qarşılaşacaqsız...
- Düşünürəm ki, bizim üçün yaxşıdır. Çünki növbəti oyunlara hazırlaşmaq üçün daha çox vaxtımız var. Biz yeni komandayıq və görüləsi işlərimiz var. Daha yaxşısını edə bilərik.