"İmişli"nin braziliyalısı: "Premyer Liqa üçün ciddi şanslarımız var"
14.02.2025 - 11:13
"İmişli"nin braziliyalısı: "Premyer Liqa üçün ciddi şanslarımız var"

"Bir səhv oyunun axarını dəyişə bilərdi. Düşündüyüm kimi də oldu". 

Bu sözləri apasport.az saytına açıqlamasında Pablo Enrike deyib.

"İmişli"nin futbolçusu "Qəbələ" ilə matçı dəyərləndirib: "Çox maraqlı oyun alındı. Meydanın hər qarışında amansız mübarizə gedirdi. Yol verilən xətalar qələbənin itirilməsi ilə nəticələndi. Qalib gəlməyi çox istəyirdik. Lakin alınmadı. Buna baxmayaraq, başımızı dik tutmalıyıq. İrəli baxmağa məcburuq. Çünki hələ qarşıda çox sayda oyunlarımız var". 

Braziliyalı hücumçu öz çıxışı barədə də danışıb: "Komanda üçün bacardığımı edirəm. Yenə bütün gücümü meydanda qoydum. Bundan sonra da eynisini edəcəm. Bura uğur qazanmaq üçün gəlmişəm".

O, komandanın Premyer Liqa şanslarını da dəyərləndirib: "Məqsədimiz ən üst pillələrdə qərarlaşmaqdır. "İmişli"nin mövsümü minimum 3-cü pillədə başa vuracağına əminəm. Komandamızın ciddi şansları var. İnanıram ki, növbəti mövsüm elitada mübarizə aparacağıq".

Qeyd edək ki, "İmişli" I Liqanın XIV turunda evdə "Qəbələ"yə məğlub olub - 1:2.