"Neftçi"nin veteran qolkiperi Hüseyn Məhəmmədov apasport.az saytına müsahibə verib.
- "Neftçi" yenə də uğursuz nəticə ilə yadda qaldı. "Zirə" ilə görüşdə "Neftçi"nin çıxışını necə dəyərləndirisiniz?
- Hər iki komanda meydana qələbə üçün çıxmışdı. Görünən odur ki, "Zirə" daha istəkli, daha əzmkar oyun göstərirdi. Top daha çox "Zirə"də idi, topun ətrafında onlar daha çox idi. Görünən bu idi ki, "Zirə" daha istəkli oldu. Təbii ki, "Neftçi" də qalib gəlmək istəyərdi. Qələbə qazana bilmirlər. Çalışırdılar bunu etsinlər. Nəticə o oldu ki, "Zirə" qazandı.
- Roman Qriqorçuk baş verən nəticəyə görə üzr istədi. O, milli fasilədə işlərin qaydasına düşəcəyini iddia edirdi. Sizcə, bu sadəcə vaxt qazanmaq üçün deyilmiş sözlər idi, yoxsa o həqiqətən də buna inanırdı?
- Yaxşı nəticə olmadığına görə çıxıb üzr istəməlidir, istəyir də. Roman Qriqorçuk iddialı gəlib, "Neftçi" də iddialı klubdur, flaqmandır, hər zaman çempionluğa oynayan komandadır. Bu mövsüm qalib gəlməyən məşqçi mətbuat qarşısında çıxıb üzr istəməlidir. Milli fasilədə komandanın öz oyununu tapacağını deməsi... Bu cür fikirlər deməlidir. Rəhbərlik qarşısında özünü sığortalayır, yoxsa vaxtını uzadır...Desə də, rəhbərlik bunu analiz edəcək. Görünən də odur ki, yaxşı nəticə olmayanda, rəhbərlik də analiz edir. "Neftçi" adlı-sanlı klubumuzdur, flaqmanımızdır. Baş məşqçi cavabdeh olmalıdır, cavab verməlidir. Yəqin ki, rəhbərlik baş məşqçi ilə lazımı söhbətlər edəcək.
- Sizcə, bundan sonra Roman Qriqorçuk "Neftçi"də nəyisə dəyişə biləcək? Ən əsas məsələ, problem nədədir "Neftçi"də?
- Baş məşqçi məsuliyyəti başa düşür. Dəyişməlidir. Nəticə ürəkaçan deyil. "Neftçi"də problem ola bilməz. Rəhbərlik tərəfindən lazım olan şərait yaradılıb. Məşqçinin dediklərini həyata keçirirlər. Rəhbərlik diqqət və qayğını göstərir. Başqa problem ola bilməz. Problem komandanın özünün oyununda ola bilər. Bu işi də baş məşqçi çözməlidir ki, gələcək ilə "Neftçi" ilə davam edə bilsin. "Neftçi"nin hər bir şəraiti var. Başqa nə problem ola bilər? Problem ancaq futbol oynamaqla bağlıdır.
- Ümumiyyyətlə, "Qarabağ"la qarşıdakı turda "Neftçi"dən hansı nəticəni gözləyirsiz? Yaxşı nəticə gözləyirsiz?
- "Neftçi" oynamağına, çıxıb "Qarabağ"a qarşı oynayacaq. Amma "Qarabağ"ı hamımız tanıyır, uzun illərdir ki, Qurban Qurbanovun komandası yüksək səviyyədə çıxış edir, çempionluq qazanır, avrokuboklarda oynayır. Oturuşmuş komandaya sahibdirlər. Bu cür rəqiblə oynamaq "Neftçi" üçün çox çətin olacaq. "Qarabağ" Avropada öz sözünü deyən komandamızdır. "Neftçi" üçün asan olmayacaq.
- Roman Qriqorçuk postundan gedəsi olsa, sizcə nələrsə dəyişəcək ki? Yoxsa, Qriqorçukun gedib-getməməsi heç nəyi dəyişməyəcək?
- Roman Qriqorçukun postundan getməsi nəyi dəyişəcək, nəyi dəyişməyəcək, onu demək düzgün deyil. İndidən nəsə deyə bilmərəm. Bunu rəhbərlik özü analiz edəcək, lazım olan addımları atacaqlar. Futbolda belə durum olur. Baş məşqçi gedir, digəri gəlir, fərqli nəticələr olur. Gələcək üçün "Neftçi" rəhbərliyi lazım olan qərarları verəcək ki, yaxşıya doğru nəticələr olsun.
- Yeni transferlərdən diqqətinizi daha çox çəkən hansı futbolçudur?
- Açığı, hansısa haqda nəsə demək çətindir. Nəticə göz qabağındadır. Bu cür nəticələrdən sonra desəm ki, hansısa futbolçu yaxşıdır....Nəticə yoxdursa, hansı legioner haqda yaxşı yöndən bir söz deyə bilərəm? Qeyri-mümkündür. Hələ ki, gələn legionerlərin heç biri özünü doğrultmur. Doğrultsaydı, nəticə də yaxşı olmalıdır. Yeni gələn legionerlərdən söhbət gedirsə, bu daha yaxşıdır, bu daha zəifdir, demək də olmur. Heç birində potensialı görmürəm ki, onlar haqda yaxşı söz deyək. Nəticə olsaydı, qələbələr qazansaydılar, özlərini də oyunlarda yaxşı göstərsəydilər, onda nəsə söyləmək mümkün idi. İndi nəsə demək olmur. Nəticə göz qabağındadır.