21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Rüfət Abbasov Serbiya ilə matçdan (0:2) sonra apasport.az saytına açıqlama verib.
“Oyuna yaxşı başlamışdıq. 3 xal qazanmaq istəyirdik. Qol fürsətləri yaratmağı bacardıq. Lakin bunlardan yararlana bilmədik. Məncə, biz daha üstün oynadıq. Fərdi səhvlər nəticəsində məğlub olduq”.
- Çıxışından razı qaldın?
- Əlimizdən gələni etməyə çalışdıq. Milli üçün can qoyuruq. Yalnız qələbə istəyirik.
- Ötən matçda da Lüksemburqa məğlub olmuşduz. Həmin nəticənin bugünkü oyuna təsiri oldu?
- Məğlub olanda istər-istəməz bunu düşünürsən. Həmin nəticəni unutdurmağa çalışırdıq. Matçdan öncə Lüksemburqa yenilgini yaddan çıxarıb, bu görüşə köklənmişdik. Heyf ki, məğlub olduq.
- Real qol epizodu yaratmışdın. Fərqlənməyinə nə mane oldu?
- Qola çox yaxın idim. Lakin şansım gətirmədi. Sonda top qapıçıya toxundu və fərqlənə bilmədim.
- Millimiz matça yaxşı başlamışdı. Amma 20-ci dəqiqədən sonra sanki oyun planımız itdi. Sona qədər belə oynamağa gücümüz çatmadı, yoxsa rəqib imkan vermədi?
- Qol buraxdıqdan sonra həvəsdən düşdük. Buna baxmayaraq hücumlarımızı davam etdirdik. Hətta ikinci hissədə penalti də qazandıq, lakin bundan da istifadə edə bilmədik.
İsmayıl Xeyrullayev