PRO kateqoriyadan 3-cü məktuba: Vaqif Cavadovun qısa çəkən hekayəsi
12.05.2025 - 19:04
PRO kateqoriyadan 3-cü məktuba: Vaqif Cavadovun qısa çəkən hekayəsi

Hə, Vaqif Bəy, yollarımız ayrıldı. Hər mətbuat konfransında, görüşdə jurnalistlərin üstünə gələnə qədər komandaya uğur bəxş etməliydiniz. Sizsə, gah Samir Abasovu günahlandırdız, gah da jurnalistləri ittiham etdiz.

Bəli, Vaqif Cavadov baş məşqçi kimi ilk peşəkar təcrübəsində uğursuz oldu. Onsuz da aylar öncəsindən mövzunun buralara gələcəyi bəlli idi. Nə “Sumqayıt”ın ifasında normal oyun izləyirdik, nə komandanın nəticələri ürəkaçan idi, nə də ki, Cavadov lazımi anlarda xüsusi nələrsə etməyi bacarırdı.

Yəqin ki, “Sumqayıt”ın ardıcıl 11 oyunda qola tövbə etdiyini də xatırlayırsız. Komanda yanvar və fevral aylarında qolun nə olduğunu unutmuşdu. Haqlısız, yanlış dedim, qolun nə olduğunu unutmamışdı, qol vurmağın nə olduğunu unutmuşdu. Çünki bir dəfə də olsun rəqibi məyus edə bilməyən “gənclik şəhəri” təmsilçisi düz 18 dəfə topu öz qapısından çıxarmağa məcbur qalmışdı.

Bunun məntiqi nəticəsidir ki, “Sumqayıt” mövsümü 9-cu yerdə bitirməyə yaxındır. Fövqəltəbii hadisə baş verməsə, belə də olacaq. Hətta “Səbail” bir az erkən ayılsaydı, indi ikisi arasında I Liqa mübarizəsi gedirdi.

Nəysə, sözümün canı onda deyil. Komandanın hər uğursuzluğunda Cavadov sanki bir az daha aqressivləşir, daha çox günahkar axtarmağa başlayırdı. Heç əvvəlki söhbətlərə girməyəcəm. Onsuz da mütəxəssisin komandanı Abasovun yığdığını, bütün günahın onda olduğunu dediyindən xəbərdarsız.

Cavadovun jurnalistlərlə davranışlarından da bixəbər deyilsiz. Dünən “Kəpəz”ə uduzandan sonra Vaqif müəllimin mətbuat konfransında işlətdiyi ilk cümlələrdən biri belə oldu: “növbəti mövsüm burada qalsam, işim barədə nəsə deyə bilərsiz”. Yəni ki, çəkilin durun qırağda, növbəti mövsüm başlamadan mənə nəsə deyə bilməzsiz. 

Hətta mütəxəssis jurnalistin “öz səhvlərinizi bilirsiz?” sualına öyrəşmədiyimiz tonda bir cavab verdi. “Mənim səhvlərimi bilmək üçün gərək PRO kateqoriyası oxuyasız”. Bəli, futbol məşqçisinin jurnalistə cavabı belə oldu. Bilirəm, qəribədir. Gərək biz jurnalistlər də məşqçilərlə danışanda “bizdə səhv tutmaq üçün 10.000 məqalə, 2000 köşə yazasız” deyək.

PRO kateqoriyasından söz düşmüşkən, Vaqif Cavadov bu gün növbəti məşqçi üçün 3 məktub yazıb, istefaya göndərildi. Klubun onunla bağlı paylaşımında belə bir cümlə yer alır: V. Cavadov bundan sonra klubumuzun komandalarından birində məşqçi kimi fəaliyyətini davam etdirəcək. 

PRO kateqoriyamız olmadığı üçün bizə yuxarıdan-aşağı baxan Vaqif müəllim gəldiyi yerə, aşağı yaş qruplarına, əvəzedicilərə qayıdır. Necə deyərlər, Allahın çubuğu yoxdur ki…