Qurban Qurbanov: “Görünürdü ki, “Neftçi” çox ciddi hazırlaşıb”
03.03.2024 - 22:10
Qurban Qurbanov: “Görünürdü ki, “Neftçi” çox ciddi hazırlaşıb”

"Çətin komandaya qarşı oynayırdıq. Görünürdü ki, "Neftçi" çox ciddi hazırlaşıb. Bəlkə də, tam istədiyimiz kimi oyuna nəzarət edə bilmədik. Amma futbolçularımı təbrik edirəm. Vacib qələbə qazandıq. Azarkeşlər üçün çox maraqlı matç idi. Hər iki komanda sürətli, dinamik oynadı. Rəqibə uğurlar arzulayıram. Çox yaşı ab-hava var idi. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm ki, komandaları dəstəklədilər, futbolçuları daim oyunun içində olmağa kömək oldular".

Apasport.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 25-ci turunun "Neftçi" ilə oyunundan (4:1) sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Bu gün meydanda olan heyət "Bayer"ə qarşı oynayacaq heyətdir?
- Çox ciddi dəyişiklik gözlənmir. Qarşıda üç gün var. Rəqibin oyununa baxaraq, analiz edərək, bəlkə 1-2 dəyişiklik etdik. Amma ciddi dəyişiklik görünmür.

- Dediz ki, rəqib oyuna ciddi hazırlaşmışdı. Amma 4:1 qalib gəldiniz. "Neftçi" ciddi hazırlaşmasaydı, necə olacaqdı?
- Son dəqiqələrdə iki qol vurduq. Əks-hücumdans sonra oldu. "Neftçi" riskə getmişdi. Bu cür oyunlarda 2:1,3:1 bir o qədər fərq etmir. Çünki itirləcək bir şeyləri yox idi. Ona görə daha çox sayda futbolçular irəli atılırlar.

- Artıq ən yaxın izləyicinizlə xal fərqi artıq 23-ə yüksəldi. Qarşıdakı turlarda əvəzedici heyətin oyunçularını meydana buraxmağınız mümkündür?
- İnanın ki, xal fərqi 23 olsa da, bu haqda heç nə düşünmürəm. Futbolçu öz ritmindən düşməli deyil. Görürsüz ki, demək olar bəzən iki heyətdə də dəyişiklik edirəm. Ki, oyunçular tonusda qalsınlar. Ona görə vaxt itirə bilmərəm ki, hansısa oyunçu oyun ritmindən düşsün. Perspektivli oyunçuların hamısı bizimlədirlər, məşq edirlər. Amma oyunları hələ fikirləşmirəm.

- "Bayer"lə oyun üçün hansısa taktiki gedişi sınamaq imkanınız oldu7
- Oldu, amma cüzi. Bəzi epizodlar var idi.

- Rəqib komandanın azarkeşləri sizi alqışlayırdı. Hansı hissləri keçirirdiz?
- Təşəkkür edirəm. Biz azərbaycanlıyıq. Mənim həmişə "Neftçi"yə hörmətim olub. Bu komandada olmasaq da, "Neftçi"nin uğurlarını həmişə istəmişik. Onlara uğurlar arzulayıram, hər birinə təşəkkür edirəm.

- "Qarabağ" ən yaxın izləyicisindən 23 xal öndədir. Bu uçurumun səbəbini nə ilə əsaslandırardınız?
- Turnir cədvəlindəki duruma uçurum kimi baxmayaq. Əksinə, komplekt olunmuş komanda kimi baxaq məsələyə. Ola bilər ki, bizim oyunlarımız daha uğurlu keçdi, nəinki rəqiblərin. Biz bütün oyunlara ciddi hazırlaşacağıq. Məsələyə uçurum kimi baxsaq, ziyanımıza işləyər. Elə oyunlarımız olub ki, çox gərgin keçib, son dəqiqələrdə qol vurmuşuq. Sadəcə, ola bilər ki, ustalıq keyfiyyətləri önə çıxıb. Amma çempionatımız asan deyil, gərgin keçir. Hər bir komanda digərinə qarşı düzgün, dinamik oyun oynaya bilirlər. Qətiyyən də uçurum kimi baxmarıq.

- Leandre Andradenin performansında qışdan sonra eniş var. Razısız?
- Ola bilər. Amma bəzən biz futbolçunu tam idman formasında saxlaya bilmirik. Bəzən görürsən ki, oyun praktikası çatmır. Andrade elə oyunçudur ki,daha çox oynaması lazımdır. Onun potensialı yüksəkdir. Razıyam ki, daha yaxşı oynaya bilər. Gözləyirik, tələb edirik və inanırıq da.

- "Bayer"lə oyunu BOS-da keçirmək planınızda var idi?
- Bizim azarkeşlər, elə sizlər də, Tofiq Bərahmova öyrəşib. Ora bir az fərqlidir. Bir oyun üçün başqa stadiona getmək, futbolçuda diskomfort yarada bilər. Tofiq Bəhramovda sanki hamı evin içində olur, daha inamlı hiss edirlər özlərini, meydanı daha yaxşı hiss edirlər. Çünki ilboyu orada daha çox oyun oynayıblar. Bu, üstünlük ola bilər. Amma 30-35 min azarkeşlər elə 68-70 min kimidirlər.

- Son oyunlarda daha çox ikinci yarıda qollar vurursuz...
- Bu, oyunun gedişatına görədir. Elə olub ki, ilk yarıda da 3-4 qol vurmuşuq. İlk dəqiqələrdə, ilk hissədə futbolçu daha aktiv, intizamlı olur. İkinci yarıda hansısa komandaya qalibiyyət lazımdırsa, oyun açılır, daha çox qol epizodu yaranır. Yəqin ki, bundan daha yaxşı istifadə edirik.

writer photo
İsmayıl Xeyrullayev
0