"Turan Tovuz"un futbolçusu: "Bu, o demək deyil ki, qol buraxmaq zəiflikdir"
20.09.2024 - 14:47
"Turan Tovuz"un futbolçusu: "Bu, o demək deyil ki, qol buraxmaq zəiflikdir"

“Turan Tovuz”un müdafiəçisi Eltun Turabov apasport.az saytına müsahibə verib.

- "Sabah"la görüşdə heç-heçəyə nail olduz – 2:2. Necə düşünürsən, səfərdə bir xal qazandınız, yoxsa iki xal itirdiz?
- Səfərdə "Sabah" kimi komanda ilə oynayırdıq. Rəqib yaxşı çıxış edir. Son oyunlarını da izləmişdik. Düşünürəm ki, səfərdə bir xal pis nəticə deyil. Düzdü, qələbə də qazana bilərdik. Allah qoysa, qarşıdakı oyunları düşünəcəyik.

- Oyunun bəlkə də ən maraqlı anı son saniyədəki epizod idi. Üçüncü qolu vursanız da, baş hakim bunu qeydə almadı. Yəqin ki, təkrara da baxmısan. Səncə, həmin epizodda top xətti keçmişdi?
- Həmin epizodu oyun vaxtı görə bilmədik. Qərarı yan xətt hakimi bildirdi. Baş hakimə bu epizodda qərar vermək çətindir. Düşünürəm ki, qol olsaydı, daha gözəl idi.

- "Turan Tovuz" mövsümdə ilk dəfə qapısında top gördü, özü də iki qol. Səncə, bunun səbəbi nə idi? Rəqib çox güclü idi, yoxsa komanda altı tur ərzində ən çox səhvi məhz bu görüşdə etdi?
- Bəli, 5 tur idi ki, qol buraxmırdıq. Bu o demək deyil ki, biz qol buraxmayacağıq. Rəqibləri necə analiz ediriksə, onlar da bizi analiz edir. Futbol elədir ki, qol da olmalıdır, səhv də. Bundan qabaqkı oyunlarımızda da həqiqətən çox səhvlərimiz var idi. Yəni, yenə deyirəm ki, səhvlərimizi baş məşqçi bizə göstərir. Amma bu, o demək deyil ki, qol buraxmaq zəiflikdir. Çalışırıq, işləyirik ki, düzgün oynayaq. Matçlardan xal və ya xallar qazanaq.

- "Turan Tovuz" Masazırdakı xal itkisinə baxmayaraq, inamla irəliləyir və birinci pillədədir. Təbii ki, hər komanda mövsümöncəsi uğurlu nəticə üçün oynayır, istəyir. Altı turdan sonra birinci pillədə olacağınızı ehtimal edirdin heç?
- Düzdür, Masazırda xal itirdik. Halbuki qələbə də qazana bilərdik. Bəlkə də, həmin qol olsaydı, qalib gələrdik. Bu mövsüm də komanda olaraq, çalışırıq ki, məşqlərimizi, həm də analizlərimizi düzgün edək, oyuna tam formada çıxaq, xalımızı qazanaq. Çünki qarşıda həm ağır oyunlar var, həm zədəlilər olur, həm də cəzalılar. Çalışacağıq ki, uğurumuzun davamını saxlayaq.

- Tez-tez fikirlər səsləndirilir ki, heyət "Turan Tovuz"a sona qədər uğurlu çıxış etməyə imkan verməyəcək. Sən necə düşünürsən? Yoxsa, fikirləşirsən ki, heyətiniz yetərincə genişdir?
- Düzdür, reallıqla danışanda hər kəs istəyər ki, komandasında hər mövqedə iki futbolçu olsun. Belə olduqda rəqabət də olur, çempionat da uzun marafondur. Bunun cəzası, zədəsi var. Bu haqda rəhbərlik, baş məşqçimiz maraqlanır. Ümid edirəm ki, yeni futbolçular komandamıza dəvət olunarlar.

- Növbəti turdakı rəqibiniz "Araz-Naxçıvan"dır. Onlar da bu mövsüm yetərincə uğurlu çıxış edir. "Araz-Naxçıvan"ı evdə məğlub etməyinizə inanırsan?
- "Araz-Naxçıvan" son oyunlarda ideal çıxış edir. Yaxşı komandadır. Düşünürəm ki, çətin oyun olacaq. Azarkeşlərin dəstəyini gözləyirik. Allah qoysa, onların dəstəyi ilə çalışacağıq ki, yaxşı oynayaq, qələbə qazanaq.

- Son olaraq, Kurban Berdıyevlə iş prinsipi haqda soruşmaq istəyirəm. Onunla işləməyin hansı çətinlikləri, hansı rahatlıqları var? Mütəxəssisi əvvəlki məşqçilərinlə necə müqayisə edərdin?
- Baş məşqçimiz yeni gəlib. Futbol elədir ki, həm məşqlərdə, həm oyunlarda çətinliklər olur. Düşünürəm ki, futbolçu kimi inkişaf etməyimizdə baş məşqçinin böyük əməyi var. Düzdür, əvvəlki baş məşqçilərlə müqayisə etmərəm. Hər məşqçinin öz məşq və futbolçu ilə danışıq prinsipləri var. Hər məşqçidən nə isə öyrənməyə çalışmışam. Yeni baş məşqçimizin futbol təcrübəsindən yararlanmağa çalışırıq.
 

writer photo
İsmayıl Xeyrullayev
0