"Bacardığımın ən yaxşısını etdim"
08.01.2024 - 21:32
"Bacardığımın ən yaxşısını etdim"

“Bərpa prosesindən keçdiyim müddətdə komandamızın mövsümün ilk yarısındakı bütün oyunlarımı izləmişəm. İkinci yarıda “Qəbələ”yə qoşulmaq və komandaya kömək etmək üçün özümü böyük səylə hazırlayırdım".

Apasport.az xəbər verir ki, bunu “Qəbələ”nin futbolçusu Feras Abu Akal klubun rəsmi saytına açıqlamasında deyib.

Zədədən sonra bərpa prosesi keçdiyi üçün mövsümün ilk yarısını buraxmalı olan 27 yaşlı yarımmüdafiəçi durumu barədə danışıb:

"Bərpa prosesi çox intensiv keçdi. Hətta bəzən yükləmələrdən ağrılar da yüksək həddə çatırdı. Lakin bu zədə zamanı belə olması normaldır. Bacardığımın ən yaxşısını etdim ki, bərpa prosesini yekunlaşdırım”.

Feras tezliklə meydana çıxa biləcəyi və komandanın mövsümün ikinci yarısında daha uğurlu çıxış edəcəyinə inandığını bildirib: “Hazırda komanda ilə məşqlərə başlamışam. Düşünürəm ki, fevralda oyunlar üçün tam hazır olacağam. Mövsümün əvvəlində komandaya yeni oyunçular qoşuldu. Onların çoxu Azərbaycan çempionatı ilə tanış deyildi. Artıq iki dövrə arxada qalıb. İnanıram ki, 3-cü dövrədən başlayaraq daha yaxşı çıxış edəcəyik. Mən də “Qəbələ”yə gəldiyim ilk dövrədə zəif təsir bağışlayırdım. İkinci yarıda daha güclü oldum. Çünki vaxt keçdikcə liqaya uyğunlaşdım. Həm nəticə, həm də oyun baxımından daha yaxşı olacağımıza inanıram”.

writer photo
İsmayıl Xeyrullayev
0