
"Bəlkə də 2025-ci ilin ən gərgin oyunlarını izləyəcəyik".
Bu sözləri apasport.az saytına açıqlamasında Aslan Kərimov deyib.
Keçmiş futbolçu bu gün keçiriləcək Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları barədə bunları söyləyib:
"Oyun keyfiyyəti barədə deyə bilmərəm, amma, bəlkə də “Fənərbaxça” – “Qalatasaray” derbisi qədər gərgin matç izləyəcəyik . Hər iki matç da gərgin keçəcək. Xüsusən də, “Neftçi” və “Sabah” arasındakı qarşılaşma. Bu cüt arasında hədindən artıq gərgin oyun gedəcək. Bu baxımdan hesab edirəm ki, ən maraqlı qarşılaşma elə “Neftçi” və “Sabah” arasında olacaq".
Kərimov revanş matçında "Neftçi"nin şanslarını belə dəyərləndirib:
"Düşünürəm ki, “Neftçi”nin geridönüş etmək imkanı olmayacaq. Məsələn, texniki tərəfdən yanaşası olsaq, “Sabah” - “Neftçi” cütündə Masazır təmsilçisinin şansları mənə görə 5-10 faiz daha yüksəkdir. Bu fikri deməkdə də əsas səbəblərdən biri odur ki, hər iki komanda daxili cempionatda o qədər də uğurlu çıxış edə bilmirlər. Əslində, çox yaxşı keçirdikləri bəzi oyunlar oldu ki, bu oyunlarda məğlub duruma düşdülər. Və hər iki komandanın müdafiə olunarkən buraxdıqları bəzi səhvlər var. Bəs, “Sabah” niyə “Neftçi”dən daha öndədir? Çünki “Sabah”ın müdafiə xətti “Neftçi”yə görə daha stabil görsənir və onlar, məsələn, arxadan kombinasiyalı şəkildə oyun qurarkən o qədər də çox səhvə yol vermirlər. “Sabah” daha çox motivasiyasız olduğu zaman qollar buraxır. Amma “Neftçi” həddindən artıq fərdi səhvlərə yol verib yaxşı oynadıqları matçı da uduzurlar. Digər bir faktor isə “Sabah”ın cinah hücumçuları “Neftçi”nin hücumçularına nəzərən daha effektivdirlər. “Sabah”ın qalib gəldiyi oyunlara baxsaq, görərik ki, işin çox hissəsini cinah oyunçuları həll edir. Ümumi olaraq, ən həlledici mövqelərdə “Sabah” “Neftçi”ni üstələyir.
Ona görə də cavab oyununda, “Neftçi”nin geridönüş etmə şansları çox azdır. Çünki hücum potensialı yoxdur və cinahda oynayan oyunçuları o qədər də effektli deyil. Bu səbəblə “Sabah”ın finala keçəcəyi daha inandırıcıdır".
Veteran futbolçu "Qarabağ"ın finala adlayan tərəf olacağını vurğulayıb:
“Qarabağ” turu keçmək iqtidarındadır. Bunun üçün kifayət qədər potensialları da var. "Qarabağ"ın heyətində çıxış edən futbolçular həqiqətən də çox keyfiyyətli oyunçulardır. "Araz-Naxçıvan" üçün çətin matç olacaq, çünki "Qarabağ"ın yüksək potensialı var, hər halda bu oyunçulara qarşı oynamaq asan olmayacaq. Ən azından ilk oyundakı qədər təziq göstərməlidirlər ki, nəsə edə bilsinlər. Və "Araz" turu keçmək üçün qol imkanlarından maksimum istifadə etməlidir. Bunu nə qədər bacaracaqlar şübhə doğurur. Amma inanmıram ki, "Qarabağ" tam heyətlə oynayacağı halda "Araz-Naxçıvan" bunun öhdəsindən gələ bilər. Buna görə də, mən düşünürəm ki, bu cütün də qalibi "Qarabağ" olacaq".