
“Turan Tovuz”un kapitanı Faiq Hacıyev apasport.az saytına müsahibə verib.
- “Qarabağ”la matçda komandanız uduzdu. İlk hissədə qələbəyə yaxın idiniz, amma sonda məğlub oldunuz. Səncə, oyunun gedişatı birdən-birə niyə dəyişdi?
- “Qarabağ”la oyunlar həmişə çətin və maraqlı keçir. İlk hissədə qələbə qazandıq. Amma bunu sona qədər qoruyub-saxlaya bilmədik. Ani diqqətsizlik məğlub olmağımıza səbəb oldu. Belə də, uduzduq.
- Demək olar ki, “Qarabağ” təzyiqi artırdı deyə, “Turan Tovuz” üçün çox çətin oldu, yoxsa, başqa detallar var idi?
- Xeyr, deməzdim ki, bizim üçün çətin oldu. Çünki biz də pis oyun keçirmədik. Sadəcə ustalıq səviyyəsi öz sözünü dedi. Diqqətsizlik də təsir etdi, ikinci hissədə iki qol buraxdıq.
- Maraqlıdır ki, ötən mövsüm “Qarabağ”ın qarşısını ala bilirdiniz, amma bu dəfə alınmadı. Bəlkə, “Qarabağ” ötən mövsümlə müqayisədə daha da güclənib?
- Əlbəttə ki, “Qarabağ” ildən-ilən daha da güclənən klubumuzdur. Onlara Çempionlar Liqasında da uğurlar arzulayıram. Futboldur da, uduzmaq da var, qalib gəlmək də. Biz bundan dərs çıxarıb, gələcək matçlarda daha yaxşı olmağa çalışacağıq.
- Bu görüşün start heyətində meydana 21 legioner çıxmışdı, yeganə azərbaycanlı futbolçu sən idin. Bunun xüsusiliyini hiss edirdin?
- Bir yerli kimi, daha çox azərbaycanlı futbolçularımızı əsas heyətdə görmək mənim üçün də xoş olardı. Bu oyun belə oldu. Allah qoysa, gələcək matçlarda birdən çox yerli futbolçu meydanda olar.
- “Turan Tovuz” bu məğlubiyyətə baxmayaraq, çempionluq mübarizəsinə davam edə biləcək?
- Təbii ki. Çempionatın sonuna qədər iddialı “Turan Tovuz”u göstərməyə çalışacağıq. Hələ hər şey qarşıdadır. Cəmi 8 tur geridə qalıb. Liqanın böyük hissəsi qarşıdadır.
- Növbəti turda “Karvan-Yevlax”la qarşılaşacaqsız. Bu görüşdə yəqin ki, qələbə qazanmaq çətin olmayacaq?
- Mən belə deməzdim, biz bu cür yanaşmırıq oyunlara. Hər matçın öz əhəmiyyəti və öz çətinliyi var. “Karvan-Yevlax” Premyer Liqaya yeni qayıtsa da, keyfiyyətli futbolçulara sahibdirlər. Bizim üçün heç də asan oyun olmayacaq. Sadəcə biz əlimizdən gələni edəcəyik ki, qalib gələk.
- DÇ-2026-nın seçmə mərhələsinin Fransa və Ukrayna görüşləri üçün Azərbaycan millisinə cəlb edilmişdin, amma meydana buraxılmadın. Millidəki bu dönəm necə keçdi, yenidən dəvət edilmək şansını necə dəyərləndirirsən?
- Məni milli komandaya dəvət etdiklərinə görə, başda Ayxan Abbasov olmaqla, bütün məşqçilər korpusuna təşəkkür edirəm. Mənim üçün çox yaxşı təcrübə oldu. Allah qoysa, bundan sonra hər şey öz əlimdədir. Oynayıb, inkişaf edərək davamlı olaraq milliyə dəvət olunmaq istəyirəm.