Kaxaber Sxadadze: “Mövsümü major notda başa vurmaq istəyirik”
26.05.2008 - 13:33
Kaxaber Sxadadze: “Mövsümü major notda başa vurmaq istəyirik”
Onun sözlərinə görə, Azərbaycan Premyer Liqasının son turunda sabah “Şəfa” stadionunda qəbul edəcəkləri Sumqayıtın “Gənclərbirliyi” klubuna zəif rəqib kimi yanaşmaq kimi düzgün deyil: “Bu gün futbolda aşkar autsayder yoxdur. Düzdür, “Gənclərbirliyi” hazırda ağır vəziyyətdədir. Güclülər dəstəsində qalmaq üçün dəridən-qabıqdan çıxan rəqibimizə istəyinə çatmaq üçün yalnız qələbə lazımdır. Meydanda sonadək gərginlik müşahidə olunacaq. Rəqib 90 dəqiqə amansız, sərt mübarizə aparmaqla 3 xal əldə etməyə çalışacaq. Bütün bunları nəzərə alsaq, bizi çətin sınaq gözləyir”. Mövsümü autsayderlərlə oyunlarla başa vurmalı olan “Standard” son iki turda Bərdənin ABN (6:0) və Tovuzun “Turan” (2:0) klublarını qol buraxmadan məğlub edib. Bakılılar qələbə qazansa belə, Premyer Liqada debüt mövsümünü hazırda qərarlaşdığı 9-cu pillədən yuxarıda başa vura bilməyəcək: “Futbolda nəticəni əvvəldən proqnozlaşdırmaq çətindir. Hər halda, sabahkı matça qələbə qazanmaq üçün çıxacağıq. Komandamız debütant olduğundan hər oyunda özünü ən yaxşı tərəfdən göstərməlidir. Həm də axırıncı tur olduğu üçün mövsümü major notda başa vurmaq istəyirik. Son oyunlarda görüşdüyümüz autsayderlərə xal çox lazım olsa da, onlara güzəştə getmədik. Bu dəfə də belə olacaq. Futbolçularımızın meydana qələbə əzmi ilə çıxacağına, sonadək gərgin mübarizə aparacağına söz verirəm”.
0