“Neftçi” rəhbərliyi altı futbolçusunu komandadan uzaqlaşdırıb
26.05.2008 - 15:08
R.Hüseynovla M.Fereyradan fərqli olaraq, digər futbolçuların klubla müqaviləsinin müddəti başa çatıb. “Neftçi” azad agent statusuna malik bu futbolçularla anlaşmanı uzatmağı məqsədəuyğun saymayıb. Flaqmanın yarım il öncə transfer etdiyi R.Hüseynovla M.Fereyranın isə hələ müqavilələri var. Komandanın ukraynalı baş məşqçisi Anatoli Demyanenko qış fasiləsində transfer olunan bu yarımmüdafiəçilərin çıxışından razı qalmadığı üçün saxlamağı lazım bilməyib. Belə olan halda, “Neftçi” hər iki futbolçunu transferə çıxarıb. R.Hüseynovla M.Fereyranı sıralarına qatmaq istəyən klublar flaqmanla danışıqlarda ortaq məxrəcə gəlməli olacaq. Transferə çıxarılanların keçmiş klublarına qayıdışı gözlənilir. Belə ki, R.Hüseynov “Bakı”ya, M.Fereyranın isə “Karvan”a icarəyə veriləcəyi istisna deyil. R.Hüseynovdan fərqli, R.Quliyevlə R.Abbasov “Bakı”ya sərbəst şəkildə qayıda biləcəklər. “Neftçi” qışda transfer etdiyi estoniyalı futbolçu Dmitri Kruqlovun transfer hüquqlarını Moskvanın “Lokomotiv” klubundan birdəfəlik almaqla, onunla iki illik müqavilə bağlamaq məsələsini həll edib. Flaqman müdafiənin sol cinahı üçün almaq istədiyi futbolçu Ruslan Abbasovdur. Ötən yay “İnter”ə keçərək, mövsümün sonunda müqaviləsi başa çatan 28 yaşlı müdafiəçi keçmiş komandasına qayıtmaq fikrindədir. “Neftçi” yollarını ayırdığı futbolçulardan R.Quliyevlə R.Abbasov ötən yay transfer olunmuşdusa, A.Məmmədovla V.Borets son üç mövsümdə komandanın şərəfini qoruyub. Qeyd edək ki, flaqmana 2005-ci ilin yayında Polşanın “Qrotslin” klubundan keçən 32 yaşlı moldovalı futbolçu karyerasını Azərbaycanda davam etdirmək variantını götür-qoy edir.
0
0