Azərbaycan Premyer Liqasının son turunda 5 yubiley qeyd olunacaq
26.05.2008 - 17:05
Azərbaycan Premyer Liqasının son turunda 5 yubiley qeyd olunacaq
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan Premyer Liqasının XXVI turunda 5 yubiley qeyd olunacaq. “APA-Sport” agentliyinin məlumatına görə, iki klub və üç baş məşqçi üçün çempionatın son turunda keçiriləcək oyun say etibarilə əlamətdardır. Premyer Liqada ikinci mövsümünü keçirən “Qəbələ” və “Simurq” 50-ci matçına çıxacaq. Zaqatalalıların güclülər dəstəsi tarixində yeganə baş məşqçisi olan Roman Pokora, həmçinin Əsgər Abdullayev (“Olimpik”) və Ağasəlim Mircavadov (“Xəzər-Lənkəran”) hazırda çalışdırdığı klubu 50-ci dəfə Premyer Liqa oyununa çıxaracaq. “Qəbələ” “İnter”ə qarşı keçirəcəyi yubiley matçınadək Premyer Liqada 15 qələbə qazanıb, 7 heç-heçə edib və 27 dəfə məğlub olub (top fərqi 50-79). Qəbələlilər kimi, 2007-ci ildə güclülər dəstəsində debüt edən “Simurq” da eyni sayda qələbə qazanıb. Hesabında 15 heç-heçə və 19 yenilgi olan zaqatalalılar top fərqində (57-57) də tarazlığı qoruyur. “Simurq”un bu göstəricisinə şərik olan R.Pokora Premyer Liqada 50 matç həddinə çatan 6-cı əcnəbi, 4-cü ukraynalı mütəxəssisdir. Son turda zaqatalalıların qonağı olan “Xəzər-Lənkəran” da A.Mircavadovun rəhbərliyi altında çempionatda 50-ci görüşə çıxacaq. İndiyədək 31 qələbəsi və 14 heç-heçəsi olan cənublular mütəxəssisi 4 məğlubiyyətə üzüb (top fərqi 93-31). Ölkə kubokunun sahibi kimi “Olimpik” də son turadək Ə.Abdullayevin rəhbərliyi altında 49 çempionat matçına çıxıb. Bu görüşlərdə 28 qələbə, 15 heç-heçə və 6 yenilgisi olan bakılılar 57 qol vurub, öz qapısından 23-nü buraxıb.
0