“İnter” Asif Məmmədovla iki il müddətinə müqavilə bağlayıb
27.05.2008 - 12:38
“İnter” Asif Məmmədovla iki il müddətinə müqavilə bağlayıb
Bakı. Mehman Süleymanov - APA-Sport. Tarixində ilk dəfə Avropa miqyaslı turnirdə Azərbaycanı təmsil edəcək Bakının “İnter” klubu heyətini gücləndirməkdə davam edir. Paytaxt təmsilçisi Portuqaliyanın “Santa-Klara” klubundan 27 yaşlı braziliyalı müdafiəçi Danildo Assiolinin ardınca azərbaycanlı futbolçu Asif Məmmədovu da transfer edib. Baş məşqçi Valentin Xodukin “APA-Sport” agentliyinə açıqlamasında Bakının “Standard” klubunun şərəfini qoruyan 21 yaşlı bu futbolçunun keçidinin artıq rəsmiləşdiyini söyləyib: “Asifi xeyli vaxtdır sərəncamımda görmək istəyirdim. Azərbaycan olimpiya yığmasının üzvü olan bu futbolçunu universal saymaq olar. Məmmədov həm yarımmüdafiənin mərkəzində, cinahlarında, həm də hücumda çıxış edə bilər. Asifin cəld, sürətli olması əsas üstünlüklərindəndir”. Ukraynalı mütəxəssisin sözlərinə görə, A.Məmmədov transferi onlara heç də asan başa gəlməyib: “Bu futbolçu ilə “Neftçi” ilə “Qarabağ” ciddi maraqlanırdı. Amma biz daha cəld tərpənməklə, onu ələ keçirdik. Yeni oyunçumuzla artıq iki illik anlaşmışıq”.
0