Rəşad Sadıqov: “Həm yaxşı oyun, həm də nəticə olsa, lap əla olar”
30.05.2008 - 13:31
Bakı. Mehman Süleymanov - APA-Sport. Berti Foqts Azərbaycan milli komandasına yeni kapitan seçmək fikrində deyil. “APA-Sport” agentliyinin məlumatına görə, almaniyalı çalışdırıcı kapitan seçimi ilə bağlı dəyişiklik etmək niyyətində olmadığını gizlətməyib: “Milli komandada kapitanlıqla bağlı dəyişiklik olmayacaq. Kapitan əvvəl nəzərdə tutulduğu kimi, Rəşad Sadıqovdur”. Ötən ilin oktyabrında makedoniyalı mütəxəssis Qyoko Hacievski milli komandamızın sükanı arxasına keçəndən sonra geri qayıdan “Neftçi”nin 26 yaşlı müdafiəçisi Rəşad Sadıqov Bosniya və Herseqovina və Andorra yığması ilə yoldaşlıq görüşlərinə nikbin baxır: “Qarşıdakı yoldaşlıq görüşlərində ilk növbədə yaxşı oyun göstərməyə çalışacağıq. Oyunumuzda dəyişikliyin olmasını hiss etdirmək istəyirik. Futbolçular daha da həvəsli, nəticəyə daha da inamlıdırlar. Fikrimcə, əsas oyundur. Amma nəticənin də olması vacibdir. Yaxşı oyunla yanaşı, nəticə də qazansaq, bu, lap əla olar”.
0
0