“Bakı” klubu Xorvatiya yığmasının qapıçısı ilə iki illik müqavilə bağlayıb
03.06.2008 - 17:24
“Bakı” klubu Xorvatiya yığmasının qapıçısı ilə iki illik müqavilə bağlayıb
Bakı. Mehman Süleymanov - APA-Sport. “Bakı” klubunun rəhbərliyi xorvatiyalı qapıçı Marko Sarliyanın transferini rəsmiləşdirib. Bu haqda “APA-Sport” agentliyinə klubun baş meneceri Zeynal Məmmədov məlumat verib. Onun sözlərinə görə, bu gün iki illik anlaşdıqları 27 yaşlı qapıçıya böyük ümidlər bəslənilir: “Marko Xorvatiyanın aşağı yaş qruplarından ibarət yığmasında 100-dən çox oyun keçirib. Ona Zaqrebin “Dinamo” klubundan təklif gəlmişdi. Ancaq bu komanda Markonu ikinci qapıçı kimi dəvət etdiyi üçün “Bakı”ya üstünlük verdi”. Z.Məmmədov müqaviləsi başa çatan, 4 ildir komandanın şərəfini qoruyan seneqallı qapıçı Xalidu Sissokonun taleyinə sonradan aydınlıq gələcəyini söyləyib: “Sarliyanın gəlişi ilə Sissoko arxa plana keçdi. Hər halda, heyətlə bağlı məsələləri baş məşqçimizin ixtiyarına buraxmışıq. Ancaq ola bilsin ki, Sissokonu saxladıq. Çünki gənc qapıçımız Aqil Məmmədovun təcrübəsi yetərli deyil. Belə olan halda, Sissokonu ikinci qapıçı kimi saxlaya bilərik”. Baş menecer moldovalı yarımmüdafiəçi “Neftçi”dən Vadim Boretsin ardınca Ramin Quliyev, Ramazan Abbasov və Ramal Hüseynovun keçidinin də real olduğunu söyləyib: “Onların dönüşü ilə bağlı ilkin razılıq əldə etmişik. Vaxtilə komandamızın şərəfini qoruyan Ceyhun Sultanovla Emin İmaməliyevi də geri qaytarmaq istəyirik. Hazırda milli komandamızın heyətində olan “Olimpik”in oyunçuları Elvin Əliyev və braziliyalı Fabio Luis Ramimlə ciddi maraqlanırıq. Çox bəyəndiyim Fabionun meneceri ilə söhbət etmişik. Bildiyimə görə, “Olimpik” Ramimi saxlamaq fikrində olsa da, o, qalmaq istəmir. Yeni futbolçularla ən azı iki illik müqavilə bağlayacağıq”.
0