Azərbaycan milli komandası FİFA-nın reytinq cədvəlində irəliləyib
04.06.2008 - 12:29
Azərbaycan milli komandası FİFA-nın reytinq cədvəlində irəliləyib
133-cü pilləyə yüksələn milli komandamızın hesabında 203 xal var. Maraqlıdır ki, yığmamız reytinq hesablanan müddətdə Bosniya və Herseqovina ilə səfərdə keçirdiyi yoldaşlıq görüşündə məğlub (0:1) olsa da, bu, yüksəlişə səbəb olub. Azərbaycan UEFA-nın son reytinqində 53 ölkə arasında 47-ci mövqedədir.
Milli komandamızın 2010-cu il dünya çempionatının seçmə mərhələsindəki rəqiblərindən Almaniya ilk “onluq”da yer alıb. Hesabında 1274 xal olan almaniyalılar əvvəlki tək 5-ci yerdədir. Bir pillə irəliləyən Rusiya (846 xal) 25-ci, iki pillə geriləyərək 36-cı pillədə qərarlaşan Finlandiyanın hesabında 697 xal var. Yığmamızın qarşıdakı seçmə mərhələdə ilk oyununu keçirəcəyi Uels də bir pillə geriləyib. Hesabında 578 xal olan uelslilər 53-cü yerə düşüb. Lixtenşteyn yığması Finlandiya və Uelsin aqibətini yaşasa da, yenə Azərbaycanı qabaqlayır. Hesabında 233 xal olan lixtenşteynlilər 131-ci pillədə yer alıb. Milli komandamızın bu gün səfərdə yoldaşlıq görüşü keçirəcəyi Andorra yığması (49 xal) 3 pillə geriləyərək, 184-cü yerə düşüb. FİFA-nın sıralamasına yenə Argentina (1559 xal) başçılıq edir. 2-ci və 3-cü pillələrdə müvafiq olaraq Braziliya (1513 xal) və İtaliya (1424) yığmaları yer alıb.
Qeyd edək ki, 2008-ci il Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan Türkiyə yığması (877 xal) 5 pillə irəliləyərək, 20-ci pillədə qərarlaşıb.
0