Zeynal Məmmədov: “Komandamız Naxçıvanda oynasa, tribunalarda boş yer tapmaq olmaz”
04.06.2008 - 14:02
Zeynal Məmmədov: “Komandamız Naxçıvanda oynasa, tribunalarda boş yer tapmaq olmaz”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Avqustda stadionumuzun tikintisinə başlanılacaq. Qaraçuxur qəsəbəsində baza və 5000 azarkeş tutumuna malik stadion iki ilə hazır olacaq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri “Bakı” klubunun baş meneceri Zeynal Məmmədov deyib. Onun bildirdiyinə görə, yeni tikiləcək arenanın digər klubların stadionları ilə müqayisədə elə də böyük olmamağı problem deyil: “Bu gün komandanı Naxçıvana köçürsək, oyunlarımızda boş yer tapmaq olmaz. Ən azı 15 min azarkeş toplamaq olar. Klub yeni yarandığı, Avropa miqyaslı turnirlərdə ciddi bir uğur qazana bilmədiyindən, bu, normaldır. İnternat futbol məktəbi, marketinq işləri, müxtəlif aksiya və tədbirlərlə komandamızın azarkeşlərinin sayı artacaq. Hələliksə bu məsələ ümumiyyətlə, futbolumuzun ağrılı yeridir”. Regionlarda azarkeş baxımından elə də ciddi problemin olmadığını deyən Z.Məmmədov Bakıda bu planda vəziyyətə belə münasibət bildirib: “Hər hansı əyalət komandasının uğurlu çıxışı azarkeşləri meydana cəlb edir. Bakıda isə vəziyyət başqa cürdür. Paytaxtı Premyer Liqada 4 klub təmsil edir. Birinci dəstədən yüksək liqaya yüksələn “Bakılı” ilə MOİK klubları də paytaxtı təmsil edir. Komandalarımızdan avrokuboklarda uğur gözləyirlər. Bunu görmədikdə isə təbii olaraq, meydanlara gəlmirlər. Komandamızın da 3 dəfə qitə miqyaslı turnirlərdə özünə azarkeş yığmaq şansı olub. Təəssüf ki, hər üç cəhd uğursuz nəticələnib. Klubumuz hələ gəncdir. Bu istiqamətdə də işlər aparılır. Marketinq və piar işləri ilə məşğul oluruq. Yeni stadionumuz olandan sonra fan-klubu da yaradacağıq”. Transfer çalışmalarına da toxunan “Bakı”nın baş meneceri alacaqları yeni futbolçuların sayını açıqlayıb: “Artıq 2 futbolçu almışıq. 10 yeni oyunçu da almaq planımız var. Bunlar həm yerli, həm də xarici bazardan olacaq. Almaq istəyimiz oyunçuların yarısı legioner olacaq. Əsasən müdafiə və hücum xəttini gücləndirəcəyik”.
0