Azərbaycan milli komandası “Gənclik” klubu ilə yoldaşlıq görüşü keçirəcək
04.06.2008 - 14:50
Azərbaycan milli komandası “Gənclik” klubu ilə yoldaşlıq görüşü keçirəcək
Bakı. Aqşin Əliyev - APA-Sport. 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) yoldaşlıq matçında qüvvəsini sınayacaq. “APA-Sport” agentliyinin məlumatına görə, rəqib Bakının yeni yaradılmış “Gənclik” klubu olacaq. Oyun iyunun 7-də saat 18:00-da “Şəfa” stadionunda başlanacaq. U-17-nin almaniyalı baş məşqçisi Bernard Lippert heyətə yeni dəvət etdiyi futbolçuları məhz “Gənclik”lə qarşılaşmada sınaqdan çıxarmağı məqsədəuyğun sayıb. Az öncə təsis olunan “Gənclik” növbəti mövsüm milli çempionatın birinci divizionunda mübarizə aparacaq. Yığma ilə görüşdə paytaxt komandasına 24 yaşlı məşqçi, bu il Mərkəzi Ordu İdman Klubuna Premyer Liqaya vəsiqə qazandırmış Ramil Əliyev rəhbərlik edəcək. Hazırda qarşıdakı çempionata hazırlaşan “Gənclik” Bakı birinciliyinə də liderlik etməsi ilə diqqət çəkir. U-17 isə iyunun 17-dən 21-dək Moldovada keçiriləcək beynəlxalq turnirdə qüvvəsini sınayacaq. B.Lippertin komandasının “Gənclik”lə matçın ardından daha bir neçə yoxlama oyunu keçirəcəyi gözlənilir. Yığma Moldovaya iyunun 15-də yollanacaq.
0