Azərbaycanın “Bakı” futbol klubu bolqarıstanlı müdafiəçi ilə müqavilə imzalayacaq
08.06.2008 - 12:33
Azərbaycanın “Bakı” futbol klubu bolqarıstanlı müdafiəçi ilə müqavilə imzalayacaq
Bakı. Mehman Süleymanov – APA-Sport. “Bakı” klubu daha bir transfer reallaşdırıb. “APA-Sport” agentliyinin məlumatına görə, paytaxt təmsilçisi xorvatiyalı qapıçı Marko Sarilya və moldovalı yarımmüdafiəçi Vadim Boretsin ardınca bolqarıstanlı müdafiəçi Aleksandar Tomaşla iki illik müqavilə bağlayacaq. Bununla bağlı futbolçu və onun meneceri ilə görüşdə razılıq əldə olunub. 30 yaşlı mərkəz müdafiəçisinin son klubu “Çerno More” olub. Şərəfini qoruduğu klublarda 26 nömrəli formada çıxan A.Tomaş peşəkar karyerasına Bolqarıstanın ən tanınan klublarından olan Sofiyanın MOİK-ində başlayıb. 1998-2004-cü illərdə bu klubun şərəfini qorumuş müdafiəçi meydana çıxdığı 122 oyunda 2 qol vurub. Sonrakı iki ildə Serbiyanın OFİ klubunda oynayan futbolçu keçirdiyi 48 görüşdə 2 qola imza atıb. 2006/2007 mövsümünü Ukraynanın "Metallurq" klubunda keçirən futbolçunun legioner karyerası uğursuz alınır. Bir mövsümdə 3 dəfə meydana çıxan futbolçu ehtiyat oyunçular skamyasında oturmaqdan bezərək, vətəninə qayıdır. 2006-2008-ci illərdə "Çerno More" klubunun heyətində 44 oyun keçirən A.Tomaş 1 dəfə fərqlənə bilib.
Qeyd edək ki, yeni mövsümdə qarşısına yüksək hədəflər qoyan “Bakı” 10 futbolçu almağı planlaşdırıb.
0