Rövnəq Abdullayev: “İnter” klubunun çempion olmasına baxmayaraq, 100 nəfərdən artıq azarkeşi yoxdur”
10.06.2008 - 10:31
“APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev keçirdiyi brifinqdə deyib. Onun bildirdiyinə görə, “Gənclərbirliyi” və “Gəncə” klubları növbəti çempionatda birinci divizionda mübarizə aparmalıdır: “Mən “Gənclərbirliyi”nin Premyer Liqada qalmasının, “Gəncə”nin isə birbaşa yüksək dəstədə çıxış etməsinin tərəfdarı deyiləm. Çünki bu zaman ədalət prinsipləri pozular. AFFA-nın əsasnaməsini özümüz dəyişməyimiz düzgün olmazdı”. Bununla yanaşı, R.Abdullayev Premyer Liqanın formatının dəyişdiriləcəyini istisna etməyib. Assosiasiya rəhbəri bununla bağlı təkliflər toplanacağını söyləyib: “AFFA-nın rəsmi İnternet saytında 2009/10-cu il mövsümünün hansı formada keçirməklə əlaqədar yeni rubrika açılacaq. Futbol ictimaiyyəti üzvlərinin və jurnalistlərin öz təkliflərini irəli sürmələrinə şərait yaradılacaq. Təkliflər topladıqdan sonra İcraiyyə Komitəsinin iclası keçiriləcək və müvafiq qərar qəbul olunacaq. Eyni zamanda, çempionatın əsasnaməsi yenidən işlənə, format dəyişdirilə bilər. Bəlkə də 12 komanda iki yarımqrupda mübarizə apardı. Və ya komandaların sayı 16-ya çatdırıldı. Yenə deyirəm, hər hansısa dəyişiklik növbəti çempionata deyil, 2009/10-cu il mövsümünə aid olacaq”. R.Abdullayev milli komandamızın da çıxışına toxunub. Yığmaya daha çox oyunçu cəlb etməyin, məşqlərin sayının artırılmasının vacibliyini vurğulayan prezident klubların üzərinə böyük yük düşdüyünü bildirib: “Klublarda hazırlıq səviyyəsini yüksəltmək istəyirik. Çünki futbolçuların yığmaya hazır gəlmələri daha yaxşı olardı. İnanıram ki, klublarımız avrokuboklarda, yığmamız isə dünya çempionatının seçmə mərhələsində yaxşı nəticə göstərəcək”.
0
0