“Maritsa” klubu “Neftçi”nin yarımmüdafiəçisinə görə iddia qaldırıb
11.06.2008 - 11:22
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bolqarıstanın ikinci dəstəsində çıxış edən “Maritsa” klubu “Neftçi” komandasının yeni transferi Março Dafçevlə bağlı iddia qaldırıb. “APA-Sport” agentliyinin məlumatına görə, hazırda maddi sıxıntılarla üzləşən aşağı dəstə təmsilçisi yetişdirdiyi oyunçuların transferləri hesabına problemlərini həll etmək istəyir. Bir müddət əvvəl Sofiya “Lokomotiv”indən “Neftçi”yə keçən M.Dafçevin də adı ilk komandası “Maritsa” olduğu üçün iddia siyahısında hallanır. Plovdiv təmsilçisi bakılıların sofiyalılara ödəyəcəyi məbləğdən onlara çatacaq faizi tələb edir. M.Dafçevin ilk komandası onunla yanaşı, Yordan Todorov və Valeri Domovciyskinin də keçidlərindən qazanc əldə etməkdə israrlıdır. Qeyd edək ki, “Neftçi”nin 30 yaşlı yarımmüdafiəçisi 1988-96-cı illərdə “Maritsa”nın heyətində olub.
0
0