Super Liqada "Adana Dəmirspor"u 4:0 hesabı ilə məğlub edən "Fənərbaxça" lider "Qalatasaray"la xal fərqini 6-ya endirib.
Apasport.az xəbər verir ki, "sarı-lacivərdli" komandanın vitse-prezidenti Acun Ilıcalı matçdan sonra açıqlamalar verib.
Video köməkçi hakimdə (VAR) əcnəbi ədalət qoruyucularının iştirak etdiyini xatırladan Ilıcalı bunları söyləyib:
"Çox xoşbəxtik, bu məsələ ilə bağlı çox israr etdik. Xatırlayırsınızsa, avqust ayından etibarən eyni şeyləri deyirəm. Yenə də eyni şeyləri deməyə davam edəcəm. Artıq türk futbolunda yeni bir dövrə başlamışıq. Xarici VAR ilə biz artıq hakim qərarlarının niyyətinə şübhə ilə yanaşmayacağıq. Bu, bizim xeyrimizə və ya əleyhimizə olacaq. Bu gün iki qolumuz ləğv edildi, amma hakim qərarı ilə bağlı şübhə etmədik. Mübahisəli epizod ola bilər, amma şübhəmiz yoxdur. Bu, çox vacibdir. Buna görə xoşbəxtik".
Ilıcalı açıqlamasında oyun təqvimində ciddi üstünlükləri olduğunu bildirib:
"Futbolda gələcəyi görmək olmur, amma oyun təqviminə baxdıqda deyə bilərəm ki, üstünlük bizdədir. Bu, bizim üçün çox müsbət cəhətdir. İnşallah transferlər edəcəyik. Azarkeşlərimiz transfer mövzusunda bizə güvənsinlər. Çox yaxşı transferlər reallaşdıracağıq. Çox önəmli futbolçularla əlaqədəyik, gələcək günlərdə nə qədər ciddi olduğumuzu görəcəksiniz".