Türkiyə millisinin qapıçısı Uğurcan Çakır DÇ-2026-da Paraqvayla oyun öncəsi açıqlama verib.
Apasport.az xəbər verir ki, 30 yaşlı qolkiper ilk turda Avstraliyaya məğlubiyyətdən sonra komandada əhval-ruhiyyənin yaxşı olduğunu bildirib.
“İlk matçda istəmədiyimiz nəticə aldıq, amma bunu kompensasiya edəcəyik. Komandada yazıldığı kimi problem yoxdur. Dostluq çox yaxşıdır, hamı bir-biri ilə yaxşı anlaşır”, - deyə Uğurcan bildirib.
O, Paraqvayla qarşılaşmanın həlledici xarakter daşıdığını vurğulayıb:
“Ölkəmizi sevindirmək istəyirdik. Buraya gəlmək bizim üçün xəyal idi. 24 ildən sonra Dünya Kubokuna gəldik və ilk matçda xalqımızı qürurlandırmaq istəyirdik. Bəlkə də bunun emosional təzyiqi oldu. Qarşıda final matçı deyə biləcəyimiz iki oyun qalıb. Onları qazanıb ölkəmizi sevindirmək istəyirik”.
Uğurcan Avstraliya ilə görüşdə qol vura bilməmələrinin komandaya psixoloji təsir etdiyini də qeyd edib:
“Qırılma anı qol vura bilməməyimiz oldu. Qol gəlməyəndə emosiyalar önə çıxır və məntiqli qərarlar vermək çətinləşir. Topun bizdə olması rəqibin istəyi idi. 100 faizlik qol vəziyyətləri yarada bilmədik, rəqibin istədiyini etdik”.
Qolkiper Paraqvayla oyunda qələbə üçün meydana çıxacaqlarını söyləyib:
“Kağız üzərində asan qrupda olduğumuz deyilirdi, amma heç bir oyun asan deyil. Bu heyətin bunu bacaracaq xarakterdə olduğuna inanıram. Meydana çıxıb hər şeyimizi verərək Paraqvayı məğlub etmək istəyirik. Bu matç çox kritikdir. Təzyiq böyükdür, amma komanda yoldaşlarım bu təzyiqi qaldıracaq keyfiyyətdədir”.
Qeyd edək ki, Türkiyə millisi D qrupunda ikinci oyununu Paraqvaya qarşı keçirəcək. Matç iyunun 20-də Bakı vaxtı ilə saat 07:00-da start götürəcək.