Bakıda atletika üzrə beynəlxalq yarışa start verilib.
Apasport.az xəbər verir ki, əməkdar məşqçi Əfqan Səfərovun 29-cu beynəlxalq memorialına start verilib.
Dünya Atletikasının təqvim platformasına daxil olan yarışda Azərbaycan atletləri ilə yanaşı, Gürcüstan, Qırğızıstan və Tacikistandan ümumilikdə 80-ə yaxın idmançı mübarizə aparır.
Memorialın ilk günündə 100 metr məsafəyə qaçış üzrə kişilər və qadınlar arasında müvafiq olaraq Tembo Con və Lamiyə Vəliyeva, 400 metr məsafəyə qaçışda Qırğızıstan təmsilçisi Ruslan Litovski və İlahə Quliyeva, 1500 metr məsafəyə qaçışda isə Bəxtiyar Əsgərli turnirin qalibi olublar.
Üç təkanla tullanmada Rüstəm Məmmədov və Yekaterina Sarıyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Nüvə itələmə növündə isə İsmayıl Əliyev və Səkinə Hacızadə qalib adını qazanıblar.
Qeyd edək ki, memorial Avropa çempionatı, Balkan çempionatı və aşağı yaş qrupları üzrə nüfuzlu yarışlarda iştirak edəcək idmançıların müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.