Bakı-2015: [b]Karate yığmamızdan 4-cü qızıl medal! [/b]
14.06.2015 - 18:01
Bakı-2015: [b]Karate yığmamızdan 4-cü qızıl medal!  [/b]

Bu gün Bakı-2015 I Avropa Oyunlarında karateçilərin mübarizəsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, yarışın sonuncu günü daha 6 dəst medal sahibini tapacaq.

 

Buna baxmayaraq, artıq Azərbaycan millisi yarışda öz çıxışını başa vurub. İlk gündə komandamızın aktivinə 2 qızıl, 2 bürünc medal yazdıran karateçilərimiz bu gün daha 2 dəfə çempionluq sevinci yaşayıblar. İrina Zaretska və Ayxan Mamayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

 

Bununla, karate yığmamızın Avropa Oyunlarında qazandığı medalların sayı 6-ya çatıb. Bir gün öncə Firdovsi Fərzəliyevlə (60 kq) Rafael Ağayev (75 kq) 1-ci, Niyazi Əliyevlə (67 kq) və İlahə Qasımova (55 kq) 3-cü olmuşdu.

 

Kumite

Kişilər

84 kq

Bu çəkidə mübarizə aparan Ayxan Mamayev B qrupunun açılış döyüşündə yunanıstanlı Georgios Mixail Tzanosla üz-üzə gəlib. Görüş 0:0 hesabı ilə yekunlaşıb. Gənclər arasında dünya çempionunun növbəti rəqibi Yaroslav Haruna (Ukrayna) olub və təmsilçimiz 6:3 hesabı ilə qalib gəlib. 23 yaşlı karateçimiz qrup mərhələsindəki mübarizəyə Avropa və dünya çempionu Kenyi Qrillona (Fransa) qarşı görüşlə yekun vurub. Mamayev bu dueldən də üstün ayrılaraq (6:1), yarımfinalda iştirak hüququ qazanıb.

Ayxan finala gedən yolda Alvin Karaqi (Kosova) ilə qarşılaşıb. Həmyerlimiz bu görüşdə də sözünü deyərək, finala vəsiqə qazanıb.

Mamayev həlledici görüşdə yunanıstanlı Mixail Geordios Tzanosdan güclü olub. Düzdü, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Lakin döyüşün 4 yan xətt hakimindən 3-ü həmyerlimizi üstün sayıb və Ayxan çempion tituluna yiyələnib. Bu, həmçinin yığmamızın Avropa Oyunlarında 10-cu medalı kimi tarixə düşüb.

 

+84 kq

Azərbaycan karateçisi Şahin Atamov B qrupunda ilk görüşünü dünya çempionu Ərkan Enesə (Türkiyə) qarşı keçirib. Döyüş gözlənilməz nəticə ilə başa çatıb. Mundialın və Avropa çempionatının gümüş mükafatçısı olan Atamov 1:10 hesabı ilə uduzub. Şahin daha sonra elə də zəngin karyerası olmayan Martin Nestorovskini (Makedoniya) məğlub etməyə çalışıb, lakin bunu bacarmayıb - 3:5. Həmyerlimiz qrupdakı son görüşündə də qələbə istəyini reallaşdıra bilməyib. Bu dəfə təcrübəli Spiridon Marqaritopulosa (Yunanıstan) uduzan Atamov qrupda qalıb.

 

Qadınlar

68 kq

A qrupu

Azərbaycan yığmasının milliləşdirilmiş karateçisi İrina Zaretska yarışa qələbə ilə başlayıb. 19 yaşlı idmançımız özündən 9 yaş böyük olan dünya çempionu Kristina Vizkaino (İspaniya) üzərində layiqli qələbə qazanıb - 6:1. Ardından avstriyalı Teresa Alisa Bukingerlə üz-üzə gələn Zaretska 0:4 hesabı ilə uduzsa da, son görüşdə yunanıstanlı Vasiliki Panetsidunu məğlub edib - 1:0.

 

Bu qələbə İrinanı yarımfinala yüksəldib. O, digər qrupun lideri Marina Rakoviçlə (Monteneqro) döyüşüb və uğurlu seriyanı davam etdirib - 1:0. Zaretska finalda avstriyalı Alisa Buçingerlə qarşılaşıb. Döyüş idmançımızın asan qələbəsi ilə başa çatıb. İrina rəqibini 8:1 hesabı ilə məğlub edərək, yığmamıza 9-cu medalı qazandırıb.

 

+68 kq

A qrupu

Bu çəkidə mübarizə aparacaq Aytən Səmədli ilk qarşılaşmasında Masa Martinoviçlə (Xorvatiya) üz-üzə gəlib. Lakin həmyerlimiz özünü yaxşı tərəfdən göstərə bilməyib və 1:2 hesabı ilə uduzub. Təəssüf ki, o, növbəti görüşdə də məğlubiyyət acısı yaşayıb. Bu dəfə fransalı Nadege İbrahim Ait Səmədlidən güclü olub - 5:0. Aytən son görüşünü Hana Antunoviçə (İsveç) qarşı keçirib və rəqib 9:1 hesabı ilə qalib gəlib. Hər 3 görüşdə qələbəyə həsrət qalan Səmədli yarışla vaxtından əvvəl vidalaşıb. 

 

Kata

Kişilər

B qrupunda ilk görüş həmyerlimiz Tural Balcanlı ilə türkiyəli Yakan Mehmet arasında olub. Karateçimiz debütdə məğlubiyyətə üzülüb. Avropa və Dünya Kubokunun mükafatçısı ardınca fransalı Dak Min və rumıniyalı Quta Adriandan da zəif təsir bağışlayıb - 0:5. Nəticədə qrupda 3-cü yeri tutan Balcani mərhələ adlaya bilməyib.

 

Qadınlar

Ölkəmizi təmsil edən Adilə Qurbanova da B qrupunda yer alıb və Balcani kimi yarışla vaxtından əvvəl vidalaşıb. Dünya kubokunun ikiqat qalibi almaniyalı Jasmin Bleul, türkiyəli Dilarə Bozan və xorvatiyalı Vlatka Kiuki üstələyə bilməyib.