[b]Yana Ağayeva və Natalya Məmmədova niyə yığmadan kənarlaşdırıldı? - VİDEO[/b]
25.09.2015 - 11:19
[b]Yana Ağayeva və Natalya Məmmədova niyə yığmadan kənarlaşdırıldı? - VİDEO[/b]

“Komandamız təlim-məşq toplanışını başa vurub və artıq Avropa çempionatında qrupumuzun oyunlarının keçiriləcəyi Belçikadadır. Qrupumuzda ev sahibi ilə yanaşı, Türkiyə və Macarıstan yığmaları yer alıb. Çalışacağıq ki, növbəti mərhələyə qrup qalibi kimi yüksələk”.

 

Bu fikirləri APA TV-nin “APAsport” layihəsinin qonağı, Azərbaycan Voleybol Federasiyasının koordinatoru Oqtay Musayev deyib.

 

Qonaq Belçika və Hollandiyada qadın voleybolçular arasında start götürəcək Avropa çempionatında Azərbaycan millisinin hazırlığını, yarışdakı şanslarını və heyətini dəyərləndirib.

 

“Yığmamız yarışa hazırdır. Səhhəti ilə bağlı komandadan ayrı düşən Faiq Qarayev yığmaya bu dəfə özü rəhbərlik edəcək. İnanıram ki, komandamız uğurla çıxış edəcək”.

 

Avro-2013-ün ilk oyunlarından sonra postunu müvəqqəti olaraq Aleksandr Çervyakova həvalə edən və Avropa Oyunlarından sonra yenidən millinin “sükanı” arxasına keçən Faiq Qarayev heyətdə bir sıra dəyişikliklərə əl atıb. Yığmamızın sabiq voleybolçusu, Avro-2007 və Avro-2009-da komandamızın heyətində yer alan Şəfəq Kərimova uzun müddət təcrübəli mütəxəssisin rəhbərliyi altında oynadığından onun dəyişikliklərini gözlənilən sayıb.

 

O bildirib ki, Faiq Qarayev hər zaman komanda ilə birgə olub, lakin həkimlərin məsləhəti ilə meydançaya çıxmayıb:

“Ona bir müddət stressdən uzaq qalmaq lazım idi. Düzdür, meydançadan kənarda da bu stressi yaşayırsan, həyəcan olur. Amma kənarda insan özünü bir qədər sərbəst hiss edir. İdmanda qələbə və ya məğlubiyyət də ola bilər. Heç Millimizin Avropa Oyunlarındakı çıxışı komandamız üçün bir balaca uğursuzluq oldu. Mən komandamızın pis oynadığını da deyə bilmərəm. Bir neçə komandalara qalib gəldilər. Avropa çempionatında isə Faiq müəllim özü komandanın “sükanı” arxasına keçmək qərarını verdi".

 

Sabiq voleybolçu milliləşdirilmiş slovakiyalı hücumçu Yana Ağayeva, həmçinin toppaylayıcımız Natəvan Qasımovanın Avropa çempionatına aparılmamasına da münasibət bildirib.

“Milli komandamız əvvəlki illərlə müqayisədə, elə Avropa Oyunlarını götürsək, yarışın hazırlığına 12 deyil, 24-26 voleybolçu ilə start vermişdi. Bu da komandada rəqabəti artırıb. Artıq məşqçilər də rahatlıqla öz seçimlərini edə bilirlər. Məşq zamanı, yoxlama oyunlarında özlərini yaxşı tərəfdən göstərən, yaxud zədəli voleybolçuların əvəz olunması hazırda problem yaratmır. Məsələn, Natəvan Qasımova zədəsinə görə meydandan kənar qalacaqsa, onun əvəzinə gənc Kristina Yaqubova komandaya cəlb edilib. O, Oksana Kurtla birgə mübarizə aparacaq. Yana Ağayevaya gəldikdə, növbəti oyunlar var. Azarkeşlərimiz öyrəşiblər ki, gördükləri 12 oyunçu və ya əsas heyət dəyişməsin. Fikrimcə, bunu böyük problem etmək lazım deyil, əksinə, sevinmək lazımdır ki, onları əvəz edən oyunçularımız var. Çünki Avro-2017-yə Gürcüstanla birgə Azərbaycan ev sahibliyi edəcək. Yəni bu günə yox, gələcəyə də baxmaq lazımdır. Gənc oyunçuların inkişafı komandamız üçün daha böyük önəm kəsb edir”.

 

Almaniya və İsveçrədə keçirilən Avro-2013-də Azərbaycan millisinin uğursuzluğundan sonra komandadan getdiyini açıqlayan Natalya Məmmədova həmin vaxtdan yığmanın formasını geyinmir. Ukrayna əsilli hücumçuya dəvət göndərilsə də, o, bunu lazımınca dəyərləndirmir. Şəfəq Kərimova yığmamızın “vuran əli”nin uğurlarımızda böyük pay sahibi olduğunu desə də, komandada bir oyunçunun adını çəkilməsinin tərəfdarı olmadığını vurğulayıb:

“Komanda idman növləri kollektiv idman növüdür və orada bütün oyunçuların üzərinə məsuliyyət düşür. Düzdür, Məmmədova komandanın lideri olub, lazımı vaxtlarda vacib xalları qazanmağımızda böyük kömək göstərib. Sadəcə Natalya “Rabitə”də oynadıqdan sonra ölkə xaricində - Rusiya və İsveçrə klublarının formasını geyindi. Onun zədələri, klublarla olan müqavilələri millinin düşərgəsinə gəlməkdə məhdudiyyətlər yaratdı. Lakin ümid edirəm ki, gələcəkdə, elə Avro-2017-də Məmmədovanı yığmamızın heyətində görərik. Avro-2013-cü ildə onun verdiyi açıqlamaya da toxunmaq istərdim. Fikrimcə, zədəsini yeniləməmək və yeni mövsümdə klubunda əsas heyətdə oynamaq üçün komandanın düşərgəsində yoxdur”.

 

Oqtay Musayev millimizin problemli mövqelərinin aradan qaldırıldığını deyib. Onun sözlərinə görə, həmişə məğlubiyyətimizə səbəb olan top qəbulundakı çətinliklər yoluna düşür:

“Bu mövqedə zəif olduğumuzu deməzdim. Artıq gənc liberomuz Ceyran Əliyevaya da böyük ümidlər bəslənilir. Mənə elə gəlir ki, müdafiədə bizə elə o kömək edəcək. Hər şey yaxşı olmalıdır. Avropa Oyunlarında necə oynadığımızı gördünüzmü? Biz İtaliya kimi güclü komandaya qalib gəldik. Gənc voleybolçularla Avropa Oyunlarında olduğu kimi Avropa çempionatında Türkiyə millisi ilə yenə görüşəcəyik. Bakı-2015-də qızıl medalımızı məhz bu komanda əlimizdən aldı. Əgər onlara qalib gəlsəydik, çempion biz olacaqdıq. Ancaq bu dəfə biz qələbə qazanacağıq”.

 

Millimizin Avropa çempionatı öncəsi hazırlığından danışan Şəfəq Kərimova komandamızın yoxlama matçlarına müxtəlif taktika və fərqli heyətlə çıxmasını Faiq Qarayevin “gizli gedişləri” hesab edir:

“Komandamızda adətən oyunun start fiti səslənərkən, oyunçular və taktikamız bəlli olur. Oyundan öncə səhər məşqindən də çox şeylər asılıdır. Mən özüm oynadığım zaman da səhər diqqət yetirilirdi ki, kim tam hazırdır, kimdə bir balaca həyəcan, yaxud kimdə qələbə üçün böyük həvəs var. Bunlar böyük əhəmiyyət kəsb edir. Əlbəttə, “altılıq” varsa belə, həmişə 8 nəfər məşqçinin nəzərində olur. Sadəcə 2-3 dəyişiklik edilir”.

 

Komandamızın sabiq voleybolçusu komandamızın yoxlama matçlarındakı qeyri-stabil oyununu qadın psixologiyası ilə bağlayıb:

“Bizdə nəinki yoxlama, bəzən rəsmi oyunlarda da belə nəticələr olurdu. Məsələn, 3:0 hesabı ilə qalib gəldiyimiz halda, ardınca tam fərqli oyun nümayiş etdirirdik. Yəni qadın psixologiyası da burada böyük əhəmiyyət kəsb edir. Bəlkə də arxayınçılıq da rol oynayır. Yəni bununla bağlı fikir yürütmək bir qədər çətindir. Çünki hər bir idmançı qələbə qazanmaq istəyir, məğlubiyyət haqda fikirləşmir. Oyunun alınmasından da çox şey asılıdır”.

 

Şəfəq Kərimova Faiq Qarayevin Avro-2015 üçün açıqladığı “12-liyə” də toxunub:

"Məşqləri o aparır, təcrübəli insandır. Həmçinin, hansı oyunçu ilə Avropa çempionatına getməyi, yaxud hansı voleybolçunun bu ərəfədə iştirak etməsinin düzgün olmadığı bilir. Ola bilsin ki, bu gün əsas heyətdə oynayanları, növbəti dəfə heç heyətdə görməyək. Yoxlama matçlarında əsas blokçu Ayşən Abduləzimovanın deyil, Aynur Kərimovanın meydana çıxmasına gəlincə, bu zədədən irəli gəlir. Amma Avro-2007 və Avro-2009-da Yelena Parxomenko zədəli olan zaman Aynur Kərimova mübarizə aparırdı. Bu gün də Aynurun meydana qayıtması azarkeşlərdə çox da təəccüb yaratmamalıdır. Düzdür, az müddət deyil, 3-4 il millidə əsas heyətdə yer almadı. Fikrimcə, tək o deyil, Faiq Qarayevin komandaya dəvət etdiyi “12-lik” məşqçinin etimadını doğruldar. Avropa çempionatında ilk oyunumuz Bakıda 2 dəfə məğlub olduğumuz Türkiyəyə qarşıdır. Hansısa oyun barədə əvvəldən fikir bildirmək də düzgün olmaz. Sadəcə biz məşq və ya yoxlama matçları zamanı gözəl oyun nümayiş etdiririk, rəsmi oyunlarda həyəcan bir qədər mane olur. Arzu edirəm ki, voleybolçularımız Belçikada özlərini yaxşı tərəfdən göstərə bilsinlər”.

 

Şəfəq Kərimova komandamızın şanslarını da dəyərləndirib: “16 komanda bir neçə mərhələ adlayaraq, buraya gəlib. Deyərdim ki, daha güclüləri çıxmaqla, hamısı eyni gücə malik komandalardır. Qrupumuza gəldikdə, türklərin gücü bizə bəllidir. Bəlkə də bizdə artıq onlarla oyunlarda psixoloji problem var, həyəcan daha çox olur. Bu da komandanın geri düşməsinə səbəb olur. Yəqin ki, bu dəfə türklərlə qarşılaşmada belə problemlə qarşılaşmarıq. Belçika millisi ev sahibidir, bilirik ki, belə olanda komandanın əlavə üstünlüyü olur. Yerli azarkeşlər, doğma divarlar köməyə çatır. Yalnız bizim gözəl oyun nümayiş etdirməyimiz qalır. Hər bir oyunçu yaxşı çıxış edərsə, qələbə özü gələcək. Macarıstan millisi də həlledici mərhələyə kimi gəlibsə, deməli güclüdür. Əgər qrup birincisi olsaq, növbəti mərhələdə bizim üçün daha rahat olacaq. Çünki pley-offdan deyil, növbəti mərhələdən mübarizəni davam etdirəcəyik”.

 

Oqtay Musayev komandamız üçün hansı yerin uğur sayılacağını açıqlayıb. O bildirib ki, yığmamız Avropa Oyunlarında onun proqnozlarını doğruldaraq, ilk “dördlük”də yer alıbsa, bu dəfə də yarımfinala kimi yüksəlməlidir: “Bir mütəxəssis kimi deyə bilərəm ki, komandamız “dördlük”də olacaq. Belə olmazsa, çıxışımız uğursuzluq kimi qiymətləndirilə bilər”.

 

O, növbəti mərhələdə D qrupunda yer alan Almaniya, Serbiya, Çexiya və Rumıniya kimi komandalardan biri ilə görüşməyimizi belə çətin hesab etmir.
 

Azərbaycan Voleybol Federasiyasının koordinatoru Avro-2015-in yarımfinalında Azərbaycanla yanaşı, İtaliya, Polşa və Almaniya gördüyünü deyib: “Ev sahiblərinin “dördlüyə” düşəcəyinə inanmıram. Mükafatçılar sırasına isə Polşa, İtaliya ilə yanaşı, Türkiyə də düşə bilər”.  

0