MOİK-də 11 yeni futbolçu
07.02.2010 - 12:49
MOİK-də 11 yeni futbolçu
Azərbaycan futbol çempionatının I divizionunda mübarizə aparan Mərkəzi Ordu İdman Klubu (MOİK) qış transfer mövsümündə heyətini gücləndirib. Komandanın mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, qarşısına Premyer Liqaya yüksəlmək vəzifəsi qoyan ordu klubu ikinci dövrəyə 11 yeni futbolçu ilə başlayacaq.

Dövrələrarası fasilədə ən güclü transfer olimpiya yığmamızın sabiq yarımmüdafiəçisi Vüqar Əsgərov (əvvəlki klubu “Neftçi” İSM) sayılır. Eyni zamanda qapıçı Tariyel Hüseynov (“Gəncə”), müdafiəçi Rəşad Hacızadə (“Neftçi-2”), yarımmüdafiəçilər Orxan Babayev (“Standard”), Amil Babayev (“MKT-Araz”), Emil Hüseynov (“Karvan”) və hücumçu Anar Qasımov (“ABN-Bərdə”) bundan sonra ordu klubunun şərəfini qoruyacaq. Həmçinin, MOİK-in öz yetirmələri olan müdafiəçi Namiq Həsənov, yarımmüdafiəçilər Məhəmməd Bağırzadə, Əmir Abbasov və Hacıbaba Rəsulzadə də əsas komandaya cəlb olunub.

Əvəzində, MOİK-in sıralarını 9 oyunçu - Elçin Cəfərov, İqor İbadov, Rəhim Şiriyev, Şamil Səlimxanov, Rəşad Məmmədov, Tural Axundov, Emil Kitelman, Nuran Qurbanov və Namiq Əlizadə tərk edib.
0