[b]Mahmud Qurbanov: 1 aya yeni baş məşqçinin gələcəyini düşünmürəm - MÜSAHİBƏ[/b]
18.10.2014 - 12:58
[b]Mahmud Qurbanov: 1 aya yeni baş məşqçinin gələcəyini düşünmürəm - MÜSAHİBƏ[/b]

Milli komandamızın baş məşqçi səlahiyyətlərini müvəqqəti olaraq icra edəcək Mahmud Qurbanovun apasport.az saytına müsahibəsi

 

- Berti Foqtsun istefasından sonra yığma komanda müvəqqəti olaraq sizə tapşırıldı. Bu sizin üçün gözlənilməz olmadı?

- Bilirsiniz ki, yığmada işləmək şərəfli bir şeydir. Ona görə də mənim üçün bu, gözlənilməz oldu. Sağolsun ki, başda AFFA prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədov olmaqla, mənə inandılar və bu işi mənə həvalə etdilər. Çalışacağam ki, Norveçlə seçmə oyunda millimizin xal qazanması üçün əlimdən gələni əsirgəməyim. Mənim üçün bu, böyük bir şansdır. Asan bir iş yoxdur. Amma inanıram ki, bu işin öhdəsindən gələ biləcəyəm.

 

- Sonuncu dəfə baş məşqçi kimi “Kəpəz”də çıxış etmisiniz. Amma müəyyən səbəblərdən orda uğursuzluğa düçar oldunuz və komandanız elitanı tərk etdi. Bu dəfə özünüzü baş məşqçi kimi yaxşı tərəfdən göstərmək üçün əla şərait və şansınız var…

- Fikrimcə, klubda çalışmaqla millidə işləmək arasında fərqlər var. Millidə çalışmaq daha məsuliyyətli, daha ağır işdir. Mənə yığma komanda etibar olunubsa, bundan yararlanmaq üçün əlimdən gələni edəcəyəm. Hər halda, ilk növbədə məni şəxsi uğurumdan çox, yığmanın uğuru daha çox maraqlandırır.

 

- Foqtsun gedişi ilə digər alman məşqçilər – Uli Ştaynla Volfqanq Rolff da vətənlərinə qayıtdılar. İndi millidə yalnız Aslan Kərimov və Rauf Mehdiyev qalıb. Norveçlə oyuna kimi yeni məşqçilərin gətiriləcəyi nəzərdə tutulubmu?

- Yeni təyin olunduğum üçün hələ bu barədə məlumat yoxdur. Amma Aslan və Raufla, əlbəttə ki, bir yerdə işləyəcəyik. Düşünmək baxımından bir-birimizə kömək edəcəyik ki, yığmamız Norveçlə matçda ən azından yaxşı oyun nümayiş etdirsin.

 

- Məşqçilər heyətində daha kimləri görmək istərdiniz?

- Yenə deyirəm ki, bir oyunluq Aslan və Raufla bir yerdə olacağıq. Ola bilər ki, 1 nəfər də heyətə cəlb edək. Amma bir oyun üçün böyük ölçüdə dəyişiklik olmayacaq.

 

- Səhv etmiriksə, sizə daha çox fiziki hazırlıq üzrə məşqçi lazımdır…

- Ola bilər. Amma bu barədə hələ plan qurmamışıq.

 

- AFFA-nın saytında konkret olaraq sizin Norveçlə oyuna komandanı çıxaracağınız göstərilməyib. Həmin matçın keçirilməsinə təxminən 1 ay vaxt var. Ola bilərmi ki, bu matça kimi başqa baş məşqçi təyin olunsun?

- Bu, rəsmi məlumatdırsa, AFFA rəhbərliyi ilə danışmışıqsa, 1 aya yeni baş məşqçinin gələcəyini düşünmürəm. Norveçlə oyuna komandanı mənim çıxaracağım dəqiqdir. Bu matça millini biz hazırlayacağıq. Ondan sonra yeni baş məşqçinin kim olacağı barədə heç nə deyə bilmərəm.

 

- İstər Norveçi təhlil etmək, istərsə də millinin hazırlıqları üçün planlar qurmusunuzmu?

- Yox. Bu gün komanda mənə həvalə olunduğu üçün, sözün düzü, hələ planlarımız yoxdur. Yəqin ki, milliyə dair planları oturub müzakirə etdikdən sonra açıqlayacağıq.

 

Səbuhi TOFİQOĞLU

0