Vaqif Sadıqov könüllü istefa verməyib!
21.02.2010 - 23:11
Vaqif Sadıqov könüllü istefa verməyib!
“Neftçi” klubunun baş məşqçisi Vaqif Sadıqov “İnter”lə oyundan sonra istefa verib. Apasport.az saytının xəbərinə görə, 0:1 hesablı məğlubiyyətin ardından Sadıqov futbolçularla ayaqüstü söhbətləşib, onlara komandadan ayrıldığını söyləyib və yetirmələrindən halallıq istəyib.

O, apasport.az saytının əməkdaşı ilə söhbətində istefa verdiyini təsdiqləyib. Sadıqovun fikrincə, baş məşqçi təyin olunan vaxtda əsas məqsəd çətin vəziyyətdə olan komandanı ilk “altılığ”a salmaq olub: “Biz gələndə komanda çətin vəziyyətdə idi. Məqsəd “altılığ”a düşmək idi ki, buna da nail olduq. İstefaya verməyimə gəlincə, fikrimcə, komandaya yeni nəfəs lazımdı”.

Sadıqov, həmçinin bildirib ki, köməkçilərinin komandada qalıb-qalmayacağını bilmir.

Mötəbər mənbələrdən aldığımız məlumata görə, Sadıqov öz istəyilə istefa ərizəsi yazmayıb. Komandanın son vaxtlar göstərdiyi oyun rəhbərliyi qane etməyindən, Vaqif müəllim bu addımı məcburiyyətdən atıb. Bildirildiyinə görə, “Turan”la nəticəsi əvvəlcədən danışılmış görüşdən sonra onun, eləcə də vitse-prezident Tahir Süleymanovun istefası gündəmdə olub. Amma klubun yeni prezidenti Sadıq Sadıqov köhnə rəhbərlikdən qalan kadrların təmizlənməsinə indi start verib.

Çox güman ki, yaxın günlərdə Sadıq Sadıqov Süleymanova da qapını göstərəcək. Komandanı isə mövsümün sonunadək Əsgər Abdullayevin çalışdıracağı bildirilir.
0