Belajdi Pusi: "Əsl xarakter nümayiş etdirdik"
01.10.2024 - 18:21
Belajdi Pusi: "Əsl xarakter nümayiş etdirdik"

“Şamaxı”nın hücumçusu Belajdi Pusi apasport.az saytına müsahibə verib.

- “Turan Tovuz”la matçda 2:2 hesablı heç-heçəyə nail olduz. Qarşılaşmanı özünüz üçün necə şərh edərsiniz?
- Düzü, bu oyunun başlanğıcı, startı bizim üçün o qədər də yaxşı alınmırdı. Görüşə uğurlu başlamamışdıq. Amma vacib məsələ, oyuna çox yaxşı reaksiya verməyimiz idi. Ardıcıl iki qol vurduq. Komanda olaraq əsl xarakter nümayiş etdirdik.

- Matçın ədalətli nəticəsi 2:2 idi, yoxsa qələbəyə layiq idiniz?
- Çox çətin oyun oldu. Rəqibimiz aqressiv və yığcam komanda idi. Onlara qol vurmaq üçün yol tapmaq asan deyil. Lakin biz bu cür komandaya iki qol vurmağı bacardıq. Bu isə o deməkdir ki, çox keyfiyyətli komandamız var. Davamını da gətirməyə çalışacağıq.

- Son saniyələrdə qapınıza penalti təyin olundu. O anı necə xatırlayırsınız? 
- Bəzən futbolda bəxt də lazım olur. Amma bu, problem deyil. Biz daha da yaxşı olmağa çalışmalıyıq. İşimizə davam edirik. Çalışacağıq ki, hər şey özümüz üçün yaxşı olsun. 

- “Şamaxı” hazırda turnir cədvəlinin altıncı pilləsindədir. Mövcud vəziyyət sizi qane edir?
- Hazırki anda turnir cədvəli haqda danışmaq üçün çox tezdir. Çünki çempionatda cəmi 8 tur geridə qalıb. Qarşıda oyunlar çoxdur. Biz indi yalnız və yalnız məşqlərə davam edib, işləmək haqda düşünməliyik. Hər oyun çətindir, matçlar çoxdur.

- Növbəti mərhələdə “Səbail”lə qarşılaşacaqsınız. Rəqib və oyun haqqında nə düşünürsünüz?
- Dediyim kimi, Premyer Liqada asan oyunumuz yoxdur. Bütün komandalar yaxşıdır, heç bir komanda zəif deyil. Hər oyunda diqqəti cəmləyib, maksimumumuzu verməliyik. “Səbail”ə qarşı görüş də çətin olacaq. Biz də uğurlu nəticəyə çalışacağıq.

- “Turan Tovuz”a əla qol vurdunuz. Sabiq komandanıza vurduğunuz qol özünüz üçün vacib idi? 
- Bəli, həqiqətən də gözəl qol alındı. Komandama kömək etdiyim üçün xoşbəxtəm. Ümid edirəm ki, belə davam edəcəm. Çünki həm qollarımla, həm assistlərimlə “Şamaxı”ya kömək olmaq istəyirəm. Yaxşı komandamız var, yaxşı kollektivə sahibik. Premyer Liqada uğurlu nəticələr qazanmağa çalışacağıq.

0