Böyükağa Ağayev: “Qarabağ”da ən yaxşı qapıçı Andrey Lunyov idi" - Müsahibə
03.10.2024 - 16:01
Böyükağa Ağayev: “Qarabağ”da ən yaxşı qapıçı Andrey Lunyov idi" - Müsahibə

“Qarabağ”ın sabiq baş məşqçisi Böyükağa Ağayev apasport.az saytına müsahibə verib.

- “Qarabağ” bu gün Avropa Liqasında ikinci görüşünü “Malmö”ya qarşı keçirəcək. Necə düşünürsünüz, bu görüşdə “Qarabağ”ın uğurlu nəticə qazanması mümkündür?
- Əlbəttə ki, mümkündür. “Qarabağ”ın oynadığı futbol bunu deməyə əsas verir. Komandamız rəqibindən asılı olmayaraq, daim baxımlı və hücum futbolu oynayır. Sadəcə burada bir məsələ var ki, o da “Malmö”nün bizim üçün tanış rəqib olmamasıdır. Düzü, onların necə oynadığını bilmirik, ilk dəfədir onlarla oynayacağıq. Tanımadığımız rəqib olmaqları hardasa işimizə yaramır.

- Amma “Qarabağ”ın Skandinaviya təmsilçilərinə qarşı oyunları uğurlu alınır....
- Doğrudur, belədir. Bundan qabaq Skandinaviyanın güclü komandalarını Bakıda və səfərdə məğlub etməyi bacarmışıq. Hər halda, “Malmö”nün necə oynadığını bilmirik. Amma dediyiniz kimi, əsas müsbət məqam odur ki, “Qarabağ” Skandinaviya klublarına qarşı yaxşı oynayır, məğlub edə bilir onları. Sadəcə “Qarabağ”ın bir problemi var. O da son oyunlarda olur.

- Hansı problem?
- Komanda istənilən rəqiblə görüşdə qol epizodu yaradır. “Tottenhem”lə matçı da xatırlayırsız. Həqiqətən İngiltərənin ən güclü klubudur, onların qapısında belə qol epizodu yaradıldı. Bu əla, müsbət məqamdır. Amma epizodları vurmaq mümkün olmadı. Bu artıq ustalıq səviyyəsidir. Məsələn, Elvin Cəfərquliyev Juninyoya əla ötürmə verdi, amma o ayağını düzgün qoymadı. Düzgün qoysaydı, qol olacaqdı.

- Bəlkə rəqibin adı futbolçuları həyəcanlandırır...
- Orasını bilmirəm. Amma bildiyim odur ki, bu epizoduları vurmaq lazımdır. Vurmayanda, rəqib düşən 2-3 epizoddan qolunu vurur. Ronaldo, Messi nə cür epizodlardan qollar vururlar? Hamısı ustalıq, hamısı işləməklə, məşq etməklə olan məsələlərdir. Ona görə də, epizodları çox məşq etmək lazımdır ki, qapıya düşsünlər. Yoxsa, “Qarabağ”ın oyunla bağlı, qol epizodu yaratmaqla bağlı hansısa sıxıntısı yoxdur. Hər oyunda istənilən səviyyədə qol epizodu yaradırlar.

- “Qarabağ”ın qolkiperi Mateuş Koxalskinin performansını necə dəyərləndirirsiz? “Tottenhem”lə matçda buraxılan qollarda səhvləri oldu...
- Avrokuboklar matçıdır, rəqib “Tottenhem”dir, təzyiq yüksək olur. Koxalskinin də səhvləri ola bilər. Amma söhbət sırf qapıçılardan düşübsə, məncə, “Qarabağ”da ən yaxşı qapıçı Andrey Lunyov idi. O, ayaqları ilə də çox yaxşı oynayırdı. Bilmirəm, necə oldu ki, onu saxlamaq alınmadı. Dəqiq bildiyim odur ki, ən yaxşısı Lunyov idi. Təəssüf ki, onu saxlamadılar. İndi “Dinamo”da (Moskva) oynayır, orada da çox yaxşı səviyyədədir. O, hamıdan güclü idi.

0