"Dinamo Minsk"in futbolçusu: "Sumqayıtda ən çox bu xoşuma gəldi"
04.10.2024 - 13:29
"Dinamo Minsk"in futbolçusu: "Sumqayıtda ən çox bu xoşuma gəldi"

Konfrans Liqasının Liqa mərhələsinin I turunda “Dinamo” (Minsk, Belarus) “Harts”a (Şotlandiya) 1:2 hesabı ilə məğlub olub.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən matçdan sonra belarusluların hücumçusu Stiven Alfred apasport.az saytına müsahibə verib.

- Oyunda hesabı siz açsaz da, nəticədə məğlub olduz. Çıxışınızı necə dəyərləndirərsən?
- Yaxşı oyun oldu. Görüşə yüksək hisslərlə başlamışdıq. İlk hissədə fərqlənməyi bacardım. Lakin nəticədə dəyərli 3 xal itirdik. Bugünkü görüşü unudub, irəliyə pozitiv baxmalıyıq. Növbəti oyunlarda daha yaxşı çıxış etməliyik.

- “Dinamo”nun pley-off mərhələsinə yüksəlmək şanslarını necə görürsən?
- Bu, Liqa mərhələsində keçirdiyimiz ilk oyun idi. Qarşıda 5 matçımız var. Pley-off şanslarımız hələ də yüksəkdir. Hər görüşdə meydanda sona qədər mübarizə aparmalıyıq. Etdiyimiz səhvlərdən nəticə çıxarıb daha güclü olmalıyıq. Bundan sonrakı bütün qarşılaşmalara qələbə üçün çıxıb xallar toplamalıyıq. 

- Azərbaycana daha öncə gəlmişdin? Bakı və Sumqayıt haqqında nə deyə bilərsən?
- Bu, mənim Azərbaycana ilk gəlişimdir. Ölkəni çox bəyəndim. Həm Bakı, həm də Sumqayıt gözəl şəhərlərdir. Amma ən çox buranın havası xoşuma gəldi. Bakını gəzməyə az vaxtımız olsa da, gözəl səfər keçdi.

- Azərbaycan futbolu haqqında nə dərəcə məlumatlısan? 
- “Qarabağ” və “Sabah”ı tanıyıram. “Qarabağ” güclü, adından söz etdirməyi bacaran klubdur. “Sabah” isə öz müdafiəsi ilə seçilir. Hər iki klub haqqında kifayət qədər məlumatım var. “Qarabağ”ın avrokubok matçlarını izləmişəm. Yüksək səviyyəli klubdur.

İsmayıl Xeyrullayev

0