Elmar Baxşıyev: "Komandam öz oyunu ilə hamıya layiqli cavabı verəcək"
05.10.2024 - 22:21
Elmar Baxşıyev: "Komandam öz oyunu ilə hamıya layiqli cavabı verəcək"

Misli Premyer Liqasının IX turunun "Sabah" - "Araz-Naxçıvan" matçından (1:1) sonra qonaqların çalışdırıcısı Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

"Yaxşı, dinamik oyun alındı. Hər iki komanda yaxşı iş ortaya qoydu. Həmişə komandamdan daha artığını istəyirəm. Futbolçular mənim istədiyim oyunu göstərməyə çalışırlar. Oyun baxımından daha da rəngarəng ola bilərik. Düşünürəm ki, heç-heçə ədalətli nəticədir".

- Birinci dövrə bitdi. Bu nəticələri gözləyirdiz?
- Hər məşqçi öz komandasına güvənməlidir. Bu komandanı formalaşdıranda çətinlik çəkirdik. Amma istədiyimiz futbolçuları heyətə cəlb edə bildik. Oyun planında daha da artıra bilərik. Bizə inanmasalar da, mən futbolçularıma inanıram. Komandam öz oyunu ilə hamıya layiqli cavabı verəcək.

- Sizə kim inanmır?
- Hiss edirik ki, klub olaraq bizə diqqət azdır. Büdcə ilə baxırlarsa, futbolda büdcə hər şey deyil. Futbolçular mənə inamı verib. Mən də onlardan daha artığını etmələrini istəyirəm ki, çempionatda daha çox diqqətə layiq olsunlar.

- Keçən il bu vaxtlarda da "Araz-Naxçıvan" üst pillələrdə idi, amma sonra Premyer Liqada qalmaq üçün mübarizə aparırdı. Bəlkə buna görə diqqət azdır?
- Hər şeyi incələsəm, çox danışacağıq. Ümumi komandalara olan diqqəti deyirəm. Biz də bilirik ki, keçən il ikinci dövrəni yaxşı keçirmədik. Bu, futboldur. Heyətimiz geniş olsa, biz də həmin periodu rahat keçə bilərik. Ümid edirik ki, heyətimizi genişləndirəcəyik.

- Hakimlərin "Araz-Naxçıvan"a kömək etdiyi iddia olunur. Bu situasiya sizi narahat etmir?
- Ona görə diqqəti vurğuladım. Hakimin bizə simpatiyasının olduğunu gördüzsə... "Turan Tovuz"la oyunda Ramon Maçadonun epizodundan danışırlar. Həmin epizoddan bugünkü matçda da oldu. Boyan Letiçin epizodu eynidir. Bunu heç kim danışmayacaq. Amma Maçadonun epizodunun üstündən 10 tur da keçsə, hamı danışacaq. Çempionat uzundur, komanda olaraq bərk olmalıyıq ki, bu maneələr bizi çaşdırmasın.

0