Kim yalan danışır, Santuş, yoxsa Qriqorçuk? - "Zədəli" Mahmudovun macəraları
04.10.2024 - 14:27
Kim yalan danışır, Santuş, yoxsa Qriqorçuk? - "Zədəli" Mahmudovun macəraları

Futbol üzrə milli komandamızın baş məşqçisi Fernandu Santuş millimizin qarşıdakı 2 oyun üçün heyətini açıqladı. Təcrübəli mütəxəssis demək olar ki, kiminsə yoxluğu ilə bizə sürpriz yaşatmadı. Amma bir nəfər var ki, siyahıda adının varlığı ilə bizi cüzi təəccübləndirdi. Söhbət "Neftçi"nin sabiq kapitanı Emin Mahmudovdan gedir. Yeri gəlmişkən, "ağ-qaralar"ın hazırkı kapitanı Ramil Şeydayev də heyətdədir. Amma bu dəfə söz verib, millidə kapitan kim olsa, onun sözündən çıxmayacaq.

Məsələdən hali olmayan oxucular üçün bildirim ki, Mahmudovun adı "Neftçi"nin son turda "Sumqayıt"la matçında ehtiyat oyunçular skamyasında belə yox idi. Səbəb də göstərildi ki, zədəlidir. "Flaqman"ın baş məşqçisi Roman Qriqorçuk şəxsən mənim sualıma verdi bu cavabı. "Emin zədəlidir, nə vaxt meydanlara qayıdacağı məlum deyil. Gələn həftə məşqlərə başlayacaq".

Səfərdə Estoniya, evdə Slovakiya ilə qarşılaşacaq millimizdə baş məşqçi Fernandu Santuş isə Eminlə bağlı verilən suala siyasətdən kənar, dümdüz cavab verdi:
"Tibbi heyətdən soruşmuşam, oyunçunun heç bir zədəsi yoxdur. Emin Mahmudov çox keyfiyyətli oyunçu olduğu üçün milliyə dəvət edirəm".

Bəli, bu qədər. Sadə. 

Qulağıma kimsə pıçıldayır ki, Emin bu gün "Neftçi"nin "Kəpəz"ə qarşı matçında oynamayacaq. Bilmək olmaz, bəlkə də heyətdə olar. Çünki kimsə soruşa bilər axı, siz zədəlidir deyirsiz, amma milliyə çağırılır. Bu sualdan sığortalanmaq üçün salınar heyətə... 

İndi keçək əsas suala, daha doğrusu suallara.

Emin Mahmudov zədəlidir? - Zədəlidirsə, niyə milliyə çağırılır?
Emin Mahmudovun zədəsi yoxdur? - Yoxdursa, niyə "Neftçi"də zədəlidir adıyla oynamır?
Fernandu Santuş yalan deyir? - Fakt, adam deyir ki, tibbi personaldan zədəli olmadığı barədə məlumat almışam.
Roman Qriqorçuk yalan deyir? - O da tibbi personalın sözünü deyir, özü əlini Eminin alnına tutub demir ki, qızdırması var...

İndi siz deyin, cənab seyidlər. Bu paradoksu necə başa düşək?

0