Misli Premyer Liqasının XIII turunun "Turan Tovuz" - "Neftçi" matçından (0:0) sonra ev sahiblərinin baş məşqçisi Kurban Berdıyevin mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
"Təxmin etdiyimiz kimi ağır oyun oldu. Belə oyunlar qola qədər olur. Təəssüflər olsun ki, qol vura bilmədik. 2 xal itirdiyimizi düşünürəm. Amma "Neftçi"nin də haqqını vermək lazımdır. Onlar da yaxşı oynadılar".
- "Neftçi"də baş məşqçi dəyişikliyi oldu. Komandanızı oyuna necə hazırladız?
- Adətən belə komandalara qarşı oynamaq çətin olur. Çünki komanda belə hallarda daha istəkli oynayır. "Neftçi" də bu gün yaxşı oynadı.
- Ardıcıl 3-cü oyundur "Turan Tovuz" qələbə qazana bilmir. Bunun səbəbi nədir?
- Paltardəyişmə otağında uşaqlara dedim ki, 9 mümkün xaldan 6-sını itirdik. Yüksək səviyyədə olan rəqiblərlə oynamışıq. Həlledici məqamlarda daha yaxşı oynaya bilərdik.