
Azərbaycanın minifutbol üzrə milli komandasının hücumçusu Xətai Bağırov apasport.az saytına müsahibə verib.
- Rumıniya səddini keçmək çətin görünürdü. Çünki rəqib son dünya çempionu idi. Amma onları penaltilərdə məğlub etməyi bacardınız. Görüş sizin üçün necə alındı?
- Rumıniya millisinin uduzmağını qəbul etdiyini bundan əvvəl də görmüşdüm. Qrupun son görüşündə Fransa ilə qarşılaşırdılar və son dəqiqələrdə penaltidən dəqiq istifadə edə bilmədilər. O epizod qol olsa idi, qrupda 1-ci yeri tutacaqdılar və 1/8 finalda bizimlə qarşılaşmayacaqdılar. Ancaq 2-ci yeri tutdular və bizimlə düşdülər. Matç heç-heçə başa çatmışdı, qrupdan çıxırdılar, lakin rumınlar sevinmirdilər. Əslində, nəyə görə sevinmədiklərini mən bilirəm. Bizimlə düşəcəkləri dəqiqləşmişdi. Ona görə sevinə bilmirdilər. Onlar bizim gücümüzü bilirdilər. İstəmirdilər ki, bizimlə düşsünlər. Ancaq bizim üçün fərqi yox idi. İstər 1/8 finalda, istərsə də finalda onlarla oynamalıydıq. Dəfələrlə də öz aramızda danışmışdıq ki, nə vaxt düşsək belə, onlarla oynamağa hazırıq. Oyuna gəldikdə, hesabda geri düşdük. Amma hamımızda qələbə istəyi görünürdü. Bizdəki rahatçılıq itməmişdi, inanırdıq ki, Rumıniyanı udacağıq. Lakin olduqca ağır alındı. Hər halda, sonda qalibiyyət bizim oldu. Artıq bu görüşü yaddan çıxardıb, qarşıdakı matçı düşünməliyik.
- Hesabda geridə olduğunuz müddətdə və penaltilər seriyasında bir anlıq inamsızlığa qapıldınız, yoxsa mərhələ keçəcəyinizə sonuna qədər inanırdınız ?
- Oyunun sonlarına doğru bilinirdi ki, rumınlar görüşü penaltilər seriyasına aparmaq istəyir. Çünki biz buraxılan qoldan savayı, onlara heç bir epizod vermədik. Demək olar ki, təkqapı oyun getdi, top və qol epizodları ancaq bizdə idi. Sadəcə fürsətlərdən düzgün istifadə edə bilmirdik. Rumınlar da vaxt apara-apara, yerdə qala-qala, penaltilərə qədər aparmaq istədilər. Penaltilərdə də uşaqların çoxu həm özündən, həm də qapıçılarımızdan əmin idi. Kimdəsə inamsızlıq hiss etmədim. Əsl inam var idi.
- Artıq komanda dünya çempionunu keçə bildi. Yəqin ki, dünya çempionluğuna inam bir az artdı və daha bir addım yaxınlaşdınız demək olar?
- Bəli, rumınları udmağımız komandadakı özünəinamı daha da artırdı. Rumıniya ilə nə vaxtsa oynamalı idik. Onları 1/8 finalda məğlub etdik. Artıq doğma divarlar arasında dünya çempionluğuna doğru gedirik. Hamı da buna inanır. Təbii ki, tam olaraq oyunlara fokuslanmışıq.
- Növbəti mərhələdə rəqibimiz artıq İngiltərə yığmasıdır. Zəif rəqib olmasa da, hər halda Rumıniya millisi də deyil yəqin? Onları keçmək ehtimalımız nə qədərdir?
- Mən elə fikirləşməzdim ki, İngiltərə Rumıniya millisi deyil. Hazırda göstərdikləri nəticəyə görə, ingilislər heç də zəif komanda deyil və Rumıniya yığmasından da geri qalmırlar. Onların fiziki və taktiki durumları da olduqca yaxşıdır. İngiltərə millisi dünya çempionatına hazır gəlib. Bu komandaya rumınlardan zəif kimi baxmaq olmaz. Rumıniyadan zəif deyillər. Daha ciddi və möhkəm hazırlaşmalıyıq.
- Necə düşünürsən, bu turnirdə milli üçün əsas rəqib, çətinlik, problem yaradacaq komanda hansıdır, səncə?
- Düzünü deyim, turnir başlamamışdan əvvəl iki komanda var ki, onlarla ardıcıl düşməyimizi istəmirdim. Bunlar Rumıniya və Serbiya komandaları idi. Yəni ardıcıl görüşlərimizi bu komandalara qarşı keçirməyimizi istəmirdim. İndi elə alındı ki, Rumıniyanı udduq və keçdik. Qaldı Serbiya millisi. Onlarla da böyük ehtimalla finalda düşə bilərik. Bu mərhələləri keçib finala yaxınlaşmalıyıq. Təbii ki, Serbiya özü də çətin yollardan keçməlidir. Favoritlər sırasında isə təbii ki, turnirdən əvvəl öz komandamızın adını çəkirdim. Bizimlə yanaşı, Rumıniya və Serbiyanı da favoritlər sırasında görürdüm.
- İllərlə futzal yığmamızın şərəfini qorumusan. İndi də minifutbol millimizdə oynayırsan. Bu iki idman növündə hansı daha çətin gəlir?
- Bu sual əslində məni illər əvvələ apardı. İki milli komandanın şərəfini qorumaq mənə qismət olub. Çox sevindirici və qürurverici haldır. Hər zaman Azərbaycanı təmsil etməyə hazıram. Hansı idman növü olursa-olsun, buna hazıram. Təbii ki, köməyim dəyəcək dərəcədə deyirəm. Uyğunlaşmaq lazımdır. Futzala da, minifutbola da... Çox sevindirici haldır ki, minifutbolda da oynaya-oynaya nəticə qazanırıq. Hansı çətin, hansı asandır məsələsi haqda danışmaq istəmirəm. Çalışıram ki, komandaya, futbolçularımıza kömək edim. Bilmirəm nə dərəcədə alınır, alınmır. Çox qürurverici, sevindirici haldır ki, artıq 1/4 finaldayıq. Gələcək oyunlarda da millimizə kömək olmağa çalışacam ki, nəticə əldə edək.