"Neftçi" azarkeşlərini qəzəbləndirən transfer: Paraqvaylı qayıdır
03.02.2025 - 16:11
"Neftçi" azarkeşlərini qəzəbləndirən transfer: Paraqvaylı qayıdır

Misli Premyer Liqa təmsilçilərindən “Araz-Naxçıvan” yayda aparıcı oyunçularından birini itirə bilər.

Apasport.az saytına verilən məlumata görə, komandanın legioneri Sezar Meza Kolli böyük ehtimalla yayda komandanın düşərgəsini tərk edəcək.

Artıq futbolçunun bölgə klubundan ayrıldıqdan sonra karyerasını harda davam etdirəcəyi də bəllidir. Belə ki, Sezar yenə də ölkəmizdə top qovmağa davam edəcək.

Əgər son anda bir tərslik çıxmasa,“Neftçi” paraqvaylı futbolçunu yenidən heyətinə qaytaracaq.

Daha əvvəl də “Neftçi”də forma geyinmiş Meza Kollinin yayda "ağ-qaralar"a imza atması gözlənilir. Məlumata görə, 33 yaşlı futbolçunun özü də buna razılıq verib.

Onun qış transfer pəncərəsində komandaya qoşulacağı gözlənilsə də, "Neftçi" azarkeşləri sosial şəbəkələrdə bu keçidi birmənalı qarşılamayıb və transferə qarşı çıxıblar. Beləliklə, Meza Kollinin keçidi 5 ay sonraya ertələnib.

Sezar 2024-cü il oktyabrın 15-də “Araz-Naxçıvan”la müqavlə imzalamışdı. O, mövsümün sonuna qədər bölgə klubuna məxsusdur.

Qeyd edək ki, 2021-2023-cü illərdə "Neftçi"nin formasını geyinən Meza Kolli “Çezena”, “Alaves”, “İnter”(indiki “Şamaxı”), “Zirə”, “Universitatya Krayova”, “Ohod” kimi klublarda da oynayıb.

0