"Qəbələ"nin legioneri: "Asan vəziyyətdə olmadığımızı bilirik"
28.04.2024 - 12:19
"Qəbələ"nin legioneri: "Asan vəziyyətdə olmadığımızı bilirik"

“Qəbələ”nin legioneri Lukas Afriko Apasport.az saytına müsahibə verib.

Braziliyalı futbolçu komandasının bu gün Premyer Liqa qalıb-qalmayacağına aydınlıq gələcəyi “Kəpəz”lə görüş haqda fikirlərini bildirib.

"Qəbələ" ölkə kubokunun yarımfinal mərhələsinin "Zirə" ilə cavab görüşündə də uduzaraq finala çıxa bilmədi. Səncə, niyə "Zirə"yə məğlub oldunuz?

- Bu oyunda qələbə qazanaraq finala çıxmağı çox istəyirdik. Amma təəssüf ki, alınmadı. Qələbə qazana bilməməyimizin səbəbi.... Qazanmaq üçün kifayət qədər oynamadıq. “Zirə”yə qarşı yaxşı oyun göstərmədik. Ona görə də sonda bu cür nəticə qeydə alındı.

- Komandaya motivasiya verən kubokda yarımfinalda yer alması idi, orada da uduzduqdan sonra kollektivdəki ab-hava necədir?

- Heç kim belə bir vəziyyətdə olmağı xoşlamır. Riyazi olaraq çempionatda qalmaq üçün hələ şansımız var və sona qədər mübarizə aparacağıq. Amma heç nədən asılı olmayaraq, başımızı dik tutaraq sona qədər irəli getməliyik və əlimizdən gələni etməliyik.

- Bu gün komandanız "Kəpəz" önünə çıxacaq. Hansı ki, sizin komanda üçün olduqca vacib görüşdür. Səncə, "Qəbələ"nin "Kəpəz"i udacaq gücü var?

- Hazırlaşmışıq. Oyuna güclü şəkildə çıxmağı və qalib gəlməyi çox istəyirik. Bu yeganə həll yoludur.

- "Qəbələ" bu görüşdə məğlub olarsa, Premyer Liqada qalmayacağı rəsmiləşəcək. Yəqin ki, bu matça final kimi baxırsız? Yoxsa, düşünürsən ki, onsuzda komandanızın yüksək liqada qalmaq ehtimalı azdır?

- Bəli, bizim şansımız var. Asan vəziyyətdə olmadığımızı da bilirik. Amma futbolda da, həyatda da hər şey mümkündür. Ona görə də şansımız olduğu müddətdə sona qədər mübarizə aparacağıq.

- "Qəbələ" AFFA-nın yeni mövsüm Premyer Liqadakı komanda sayını artıracağına ümid edir. Buna inanırsan? Yəni, komanda sayı artırılacaq deyə, "Qəbələ" yüksək liqada qalacaq...Braziliya və Portuqaliya belə hallarla rastlaşmısan?

- Nələr olacağını bilmirəm. Amma mən bilirəm ki, Braziliyada və ya Portuqaliyada bu cür vəziyyət heç vaxt olmayıb və olmayacaq da. Burada necə olacağını isə bilmirəm.

- Elmar Baxşıyevin gedişindən sonra komandaya Kaxaber Tsxadadze gətirildi və gözlənilən o idi ki, gürcü mütəxəssis nəyisə dəyişəcək. Ümumiyyətlə, dəyişən nəsə oldu?

- Kaxaber Tsxadadze taktiki quruluşumuzu, strategiyamızı və kolleksiyamızı dəyişdi. Amma təəssüf ki, qələbələr alınmır. Halbuki bunun üçün əlimizdən gələni edirik.

- "Qəbələ"nin bu mövsüm uğursuz çıxışının əsas səbəbi nədir? Halbuki komanda ötən mövsüm ölkə kubokunun sahibidir...

- Hamımız nəticələrin olmamasının əsl səbəbini bilmək istəyirik. Ancaq həyatda bəzən daha yaxşı ola biləcəyimizi düşünməyə vadar edən şeylər baş verir, hər şey öyrənmə təcrübəsi rolunu oynayır. İndi ən xırda şeylərdən tutmuş ən mürəkkəbə qədər nəyin yaxşılaşdırıla biləcəyini nəzərdən keçirməyin vaxtı gəlib. Çünki futbol təkcə meydanda olmur. Futbol mürəkkəbdir və bir-biri ilə əlaqəli bir çox amillər var.

- "Qəbələ" Birinci Liqaya düşsə belə, yeni sezona Azərbaycanda başlamaq istəyirsən? Premyer Liqadakı digər klublardan təkliflər almısan?

- Hazırda Azərbaycanın heç bir klubundan mənə rəsmi təklif yoxdur. Çox şey ola bilər, gələcəkdə hər şeyi yalnız Allah bilir. İndi “Qəbələ”nin oyunlarına fokuslanmışam. 
 

0