"Qəbələ"nin yeni transferi: "Özümü vətənimdəki kimi hiss edirəm"
30.09.2024 - 17:36
"Qəbələ"nin yeni transferi: "Özümü vətənimdəki kimi hiss edirəm"

“Qəbələdə Konqoda olduğum qədər rahatam. Sanki, vətənimdəyəm”.

Bu sözləri “qırmızı-qaralar”ın yeni transferi Domi Massumo apasport.az saytına açıqlamasında deyib.

Yarımmüdafiəçi “Mingəçevir”lə matçı dəyərləndirib: “Yaxşı çıxış etdiyimə görə xoşbəxtəm. Qol da vurmuşam, bunun üçün sevincim ikiqatdır. Meydançada olarkən görüşdən həzz aldım. Birlikdə yaxşı kollektiv oyunu göstərdik. Baş məşqçimizin tapşırıqlarını yerinə yetirməyə çalışdıq. Məncə, uğurlu da olduq. Zaman keçdikcə bir-birimizə uyğunlaşıb daha yaxşı çıxış etməyə çalışacağıq. Ümid edirəm ki, sonda nəticələrimiz uğurlu olar. Qarşılaşdığımız rəqiblərin hər biri çox güclü komandalardır. Hər birinin özünə xas oyun üslubu, istəkli futbolçuları var. Buna baxmayaraq çempionluq uğrunda sonuna qədər mübarizə aparacağıq”. 

O, komandaya adaptasiya prosesi barədə danışıb: “Qəbələ”də olmaqdan şadam. Burda özümü yaxşı hiss edirəm. Klubda hər şey yüksək səviyyədədir. Gəldiyim gündən komandaya çox rahat uyğunlaşdım, adaptasiya problemi yaşamadım. Burda hər kəs istiqanlı, mehribandır. Həm futbolçular, həm məşqçi heyəti, həm də klub rəhbərliyi məni xoş qarşıladı. "Qəbələ"nin formasını qürurla üzərimdə daşıyacam. Vurduğum qollara gəlincə, önəmli olan mənim fərqlənməyim deyil, komandanın qalibiyyətidir. Çalışacam ki, qələbələrimizin davamı gəlsin”.

Konqolu futbolçu “Qarabağ”ın matçlarını izlədiyini də açıqlayıb: “Düzünü desəm, I Liqa oyunlarını elə də izləməmişəm. Lakin Premyer Liqa matçlarına baxmışam. Vaxt olduqca da “Qarabağ”ın avrokubok görüşlərini izləyirəm”.

Qeyd edək ki, I Liqanın 3-cü turunda “Qəbələ” “Mingəçevir”i 2:0 hesabı ilə məğlub edib.

İsmayıl Xeyrullayev

0