Qurban Qurbanov: "Deyəcək söz yoxdur"
03.10.2024 - 23:28
Qurban Qurbanov: "Deyəcək söz yoxdur"

UEFA Avropa Liqasının liqa mərhələsində təmsilçimiz "Qarabağ" doğma meydanda İsveç təmsilçisi "Malmö"yə məğlub olub (1:2).

Apasport.az xəbər verir ki, matçdan sonra komandamızın baş məşqçisi Qurban Qurbanov oyun barədə fikirlərini bildirib.

Təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

"Əfsuslar olsun ki, uduzduq. İstəməzdik ki, öz meydançamızda belə məğlub olaq. Düşünəcək, deyəcək söz yoxdur. Rəqibi təbrik etməliyik. Bəlkə də layiqli qələbə qazandılar. Epizodlarımız oldu. "Malmö"nün fərqli oyun tərzinə malik olduğunu demişdim. İkinci hissə erkən qol buraxdıq. Əksinə, ikinci hissəyə aqressiv başlamalıydıq. İlk dəqiqələrdə belə qol buraxmaq futbolçulara təsir etdi. Yaxşı komandayıq, daha yaxşı oynayıb, daha yaxşı nəticələr əldə edə bilərik. Ola bilər ki, komanda bu aralar öz oyun ritmindən aralaşıb. Ümid edirəm ki, qarşıdakı vaxtlarda daha yaxşı olacağıq".

- Çempionatdakı rəqabətsizliyə görə avrokuboklarda uduzursuz?

- Xeyr. İndi elə perioddayıq ki, bu haqda düşünmək olmaz. Xeyli sayda avrokubok oyunları keçirmişik. İnanmıram ki, liqada hazırkı durum nəticəmizə təsir edir. Sadəcə ola bilər ki, bir neçə oyunçumuzun zədəli olması oyun planımızda geriləməyə səbəb olub. Hər bir halda bugünkü gün üçün inanmıram bunun təsiri olsun.

- Üç əvəzetmə etdiniz, amma Yankoviçlə bağlı pauza verdiniz...

-Romao bir az özünü yaxşı hiss etmirdi. Ona görə pauza etdim. Sonda da məncə, düzgün addım atdıq. Özünü pis hiss edirdi. 

- Bəs Bəhlul?

- İlk hissədən sonra ağrısı var idi. İkinci hissə hiss etdim ki, öz gücü ilə oynaya bilmir. Meydana da iynə vurub çıxmışdı.

- Sanki "Qarabağ" əvvəlki həvəsdə deyil, komandada nəsə baş verib ki, əvvəlki kimi oynaya bilmirlər? Futbolçular həvəsdən düşüb, yoxsa yorğunluq var?

- Həvəsdən düşdüklərini deməzdim. Ola bilər indi elə vaxtdır ki, öz oyun ritmlərindən uzaqlaşıblar. Bəlkə də psixoloji yorğunluq var. Bu komandada həvəssizlik heç vaxt düşünülməyib. Sadəcə əgər məğlub oluruqsa, demək ki, əvvəl daha istəkli olmuşuq. Bunu qəbul etməliyik. Bir az bəzi oyunçularda... Mən görürəm, bilirəm. Öz idman formalarından uzaqdırlar. Ölkə çempionatında görünməyə bilər. Amma Avropa oyunlarında bu hiss olunur. Biz daha yaxşı oynaya bilərik. Bəzi düşündüyüm xırda elementlər aradan qalxdıqda, belə olacaq. Bu oyun bir daha göstərdi ki, belə oyunlarda daha çox motivasiya, dinamika olmalıdır, güc sərf etməliyik. Bu matçda uduzsaq belə, bunun faydası olacaq.

- "Malmö" rəqiblər arasında zəiflərdən hesab olunurdu. Digər rəqiblərimiz daha güclüdür. Onlarla oyunda nə edəcəksiz?

- Heç kimə zəif gözü ilə baxmırıq. Hər biri Avropa komandalarıdır. Özümüzü də çox zəif saymırıq. Qarşıda fərqli nəticələr çox olacaq.

- Biz kifayət qədər çox qol epizodları yaradırıq. Ən çox nəyin üstündə işləməliyik ki, hücumlar məntiqi sonluqla bitsin?

- Fərdi yöndə çalışmaq lazımdır. Əgər belədirsə, problem olmaz. Bunu yaxşılaşdıra bilərik. Belə oyunlarda həyəcan olmamalıdır. Həyəcana görə epizod vurulmursa, problemlər ola bilər. Amma texniki səhvdirsə, yaxın zamanda yaxşılaşdırmaq olar.

- Buntiç və Koxalski etibarlı qapıçılar sayıla bilməz. Şahruddin yenə əsas qapıçı kimi görünür. Qapıçılarla bağlı düşüncəniz necədir?

- Düşünəcək heç nə qalmayıb. Fikirləşsək, qapıçılar hansı liqalardan gəlib? Hər ikisinin yetərincə bacarığı, keyfiyyəti var. Ola bilər ki, hələ tam adaptasiya ola bilməyiblər. Hər ikisinə inanıram, güvənirəm, böyük potensialları var. Şahruddinin də yaxın zamanlarda meydana dönməsi görünmür. Fərdi məşqlərə başlayıb. Kollektivlə başlamasına xeyli vaxt lazım olacaq. Məncə, hər ikisi güvəniləsi qapıçıdır. Çempionata tam uyğunlaşandan sonra çox faydalanacağıq. Bu gün atacaq başqa addımımız yoxdur.

- Qorxmursuz ki, mənfi psixoloji effekt sonrakı matçlarınıza da təsir edə bilər?

- Qorxacaq, çəkinəcək bir şey yoxdur. Neçə illərdir ki, bu işin içindəyik. Bir insan ilboyu sağlam ola bilməz. Komandalar da hansısa müddət öz formasından uzaqlaşır. Belə hallara çox soyuqqanlı yanaşmalıyıq. Qorxacaq şey yoxdur.

- "Dinamo" səddini keçə bilməmək komandaya psixoloji təsir etdi? Sanki komanda o oyunda qalıb...

- Təsir etdi. Bu günə kimi isə təsirdə qaldığımızı düşünmürəm. Xeyli müddətdir nəinki öz aramızda, azarkeşlər arasında, mediada belə fikirlər formalaşıb. Hamının gözü ÇL-in qrupunda idi. Bu normal haldır. Hamınız bunu daim istəməlisiz. Biz isə belə hallarda daha da soyuqqanlı, daha da möhkəm olmalıyıq və komandanın problemi varsa, onu yoluna qoymalıyıq.

1