Qurban Qurbanov: "Təəssüf ki, oyuna hazırlaşmağa vaxtımız az oldu"
02.10.2024 - 13:54
Qurban Qurbanov: "Təəssüf ki, oyuna hazırlaşmağa vaxtımız az oldu"

Avropa Liqasının Liqa mərhələsinin II turunun "Malmö" ilə matçından öncə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, qarşılaşma barədə fikirlərini bildirən Qurbanov daha sonra media nümayəndələrinin suallarını cavablandırıb: 

"Həqiqətən vacib oyuna çıxırıq. Öz doğma meydançamızda ilk oyundur. Özünəməxsus oyun tərzi olan komandaya qarşı oynayacağıq. Hazırlığımız pis getmir. Bəzi problemlərimiz var. Hər halda, çalışırıq ki, komandanı oyuna tam hazırlayaq. Yaxşı oyun və yaxşı nəticə qazanamağa çalışacağıq".

- Mateus Silva və Marko Yankoviçin durumu nə yerdədir? Sabahkı oyuna hazırdırlar?
- Mateusla bağlı problem var. Yəqin ki, bir neçə oyun olmayacaq. Yankoviçə gəlincə, tam qərar verməmişik. Ümumi durumu pis deyil. Çoxdan idi ki, əsas heyətdə oynamırdı. "Sabah"la oyunda bəlkə də dəqiqələri çox oldu. Həmin görüşdə 60-65 dəqiqə oynamalı idi. Amma gedişata görə uzandı. Bu gün və sabah vaxtımız var. Ən doğru qərarı verməyə çalışacağıq. Xüsusən də, futbolçu üçün.

- "Qarabağ"ın İsveç klublarına qarşı üstünlüyü var. Bunu nəzərə alıb, sabahkı matçda nəyə ümid edə bilərik?
- Statistikaya baxsaq, bəli, belə nəticələrimiz var. Bizim üçün onlara qarşı oynamaq ən gərgin oyunlardan olub. Çünki onların ümumi fiziki hazırlığı və oyun tərzi başqa formadadır. "Malmö"nün oyun tərzi fərqlidir, böyük təcrübələri var. Həmişə çalışmışıq və istəmişik ki, ən azından Bakıda yaxşı nəticə əldə edək. Amma futbol get-gedə elə səviyyəyə gəlib çıxıb ki, istənilən ölkənin komandasında böyük irəliləyiş var. Biz azarkeşlərə çalışmışıq ümid verək. Onlar da bizə inanıb, güvəniblər. Çalışacağıq ki, maksimum yaxşı oyun və yaxşı nəticə qazanaq.

- "Qarabağ" sabahkı rəqibə hansı sürpriz hazırlayıb?
- Bu cür oyunlara hazırlaşmaq üçün vaxtımız az oldu. Amma məşq sayı çox olsaydı, yaxşı idi. Cəmi bu gün bütün komanda ilə oyuna hazırlaşa biləcəyik. Bir də, bəlkə sabah çox az vaxtımız olacaq. Ola bilər ki, oyunumuzun qurulmasında bir neçə dəyişiklik edək. Çünki fərqli rəqibdir. Alınacaq, ya yox bilmirəm. Rəqib bizə nə qədər şərait yaradacaq, ona baxacağıq. "Malmö" heç bir rəqibdən çəkinmir. Maraqlı oyun olacaq. Futbolçularımın üzərinə böyük məsuliyyət düşəcək, böyük güc sərf etməli olacaqlar. Futbolçularım buna dözməlidir. Bəzi epizodlarda öz oyun tərzimizdən kənara çıxa bilərik.

- Bir çox mütəxəssislər "Malmö"nü 3 xal gözü ilə gözür. Bu istək, bu tələb komandanın nə qədər əlehinə ola bilər?
- Bu, bizə olan güvəndir, inamdır. Öz meydanımızda oynayırıq. Belə fikirlər futbolçulara əlavə motivasiya verir. Bu fikirlərin xeyri var, ziyanı yoxdur.

- Avropa Liqasının yeni formatda keçirilməsi "Qarabağ"a müsbət təsir edir, yoxsa qrup mərhələsi daha münasib idi?
- Hələ ki, bir az uyğunlaşmamışıq. Bizim kimi klublara, bizim kimi futbol ölkələrinə bəlkə azlıqda olmaq daha çox sərf edər. Biri var, 3-4 komandanı analiz edirsən, qışa qədər onlara hazırlaşırsan. Biri də var, 36 komandanın bütün oyunlarını gözləyirsən. Elə rəqiblər var ki, bəlkə onlara qarşı evdə oynamaq istəyərdin, səfərə düşürsən. Belə hallar var. Amma bunlar problem yaratmalı deyil. Hamı üçün eynidir. Əvvəl-axır buna öyrəşməliyik. Buna daha tez öyrəşməliyik. Daha böyük təcrübəsi olan komandalar buna tez uyğunlaşa bilər. Bizdə çətinlik ola bilər. Bu cür dəyişikliklərin olması futbol şüurumuza, futbolçuların düşüncələrinə daha faydalı olar. Bəlkə də daha çox və tez təcrübə toplayarlar. Əvvəl 1-2 oyunun nəticəsini gözləyirdik, indi hər tur bütün oyunların nəticələrini gözləyirik. Əvvəl 2 komandaya baxırdıq, indi bütün oyunlara. Həm sizin, həm bizim işimiz çoxalır.

- Musa Qurbanlının İsveç çempionatında təcrübəsi var. Onu meydanda görmək ehtimalımız var?
- Əvvəlcədən belə fikir bildirə bilmərəm. Çünki həmişə uyğun heyət buraxıb, oyunun gedişatına görə dəyişiklik etmişik. Musadan bəzi, bir neçə fikir soruşmuşam. Elə "Malmö" haqda. Oynayacaq, ya yox, deyə bilmərəm. Oyunun gedişatına görə addım atmaq istəmişik.

- "Tottenhem"lə matçda Mateuş Koxalski qəhrəmanlıq göstərə bilmədi. Sabah qapıda kim dayancaq?
- Sabah qərar verəcəyik. Vaxtımız var.

0