
“Şamaxı”nın və U-21 yığma komandamızın aparıcı futbolçusu Rüfət Abbasov Apasport.az saytına müsahibə verib.
- "Şamaxı" "Sumqayıt"la matçda bir xal qazandı. Bu görüş haqda fikrin necədir? Qələbə qazana bilərdiniz, yoxsa bu görüşdə bir xal sizin üçün yaxşıdır?
- Çətin oyun olacağını bilirdik. “Sumqayıt” ilk iki turda qələbə qazanmışdı. Fikrimcə, bizim oyunumuz bərabər səviyyədə keçdi. İki komandanın da qol epizodları var idi. Lakin bizim epizodlarımız daha da çox oldu. Hər iki tərəf yaxşı oyun göstərdi, qələbə qazana bilərdik. Çünki son dəqiqələrdə qol epizodlarımız daha çox oldu. Lakin “Sumqayıt” səfərindən bir xalla qayıtmaq da pis nəticə deyil.
- “Sumqayıt" 2 turdan sonra liqanın lideri idi. Onlara qarşı oynamaq çətin idi, yəni, hiss etdiniz ki, liderə qarşı oynayırsınız?
- Çətin olacağını bilirdik. “Sumqayıt” bizdən əvvəl “Kəpəz”i və “Qarabağ”ı məğlub etmişdi. Qol da buraxmamışdılar. Yaxşı hazırlaşmışdıq. Çətin olsa da, biz xal qazanmağı bacardıq.
- “Şamaxı” bu mövsüm cəmi 2 xal qazana bilib, qələbə qazanmamısınız. Komandanızın bu mövsümkü çıxışını necə dəyərləndirirsən? Səncə, "Şamaxı" bu mövsüm daha güclüdür?
- Cəmi üç tur geridə qalıb. “Sabah”a məğlub olmuşuq. Həmin matçda da xal qazana bilərdik. Lakin ani diqqətsizlikdən qol buraxdıq. Sonda da uduzduq. Çalışacağıq ki, növbəti oyunlarda daha çox xallar toplayaq.
- Azərbaycan Premyer Liqasında komandaların sayı artaraq 12 oldu. Legioner limiti ləğv edildi. Bütün bunlardan sonra Premyer Liqanın səviyyəsində dəyişiklik hiss edirsən?
- Premyer Liqada hər oyun çətindir. Hər matça daha ciddi hazırlaşırıq. İstənilən komanda digərindən xal ala bilər. Ona görə də, çətin görüşlər keçdiyini demək olar.
- Yeri gəlmişkən, növbəti turdakı rəqibiniz “Karvan-Yevlax”dır. Onlar mövsümə pis başlamayıb. Bu rəqibi necə dəyərləndirirsən?
- “Karvan-Yevlax”la evdə oynayacağıq. Rəqibin keyfiyyətli futbolçuları var. Biz də çalışacağıq ki, evdə yaxşı oyun göstərib, qələbə qazanaq və azarkeşlərimizi sevindirək. Rəqibimiz də bu mövsümə yaxşı başlayıb. Ciddi hazırlaşacağıq.
- Sən U-21 yığma komandamızın aparıcı futbolçususan və yığmaya dəvət almısan. Qarşıda Portuqaliya və Bolqarıstanla görüşlər var. Bu matçlardan uğurlu nəticələrlə ayrıla bilərik səncə?
- Bəli, matçlarımız var. Səfərdə Portuqaliya, evdə Bolqarıstanla qarşılaşacağıq. Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, uğurlu nəticə qazanaq. Həm Portuqaliya, həm də Bolqarıstan görüşü çətin olacaq. Bunu yaxşı dərk edirik. Amma biz əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Ümidvaram ki, hər şey yaxşı alınacaq.