Samir Musayev: “Qarabağ” oyun baxımından Avropanın bəzi komandalarını qabaqlayır"
03.10.2024 - 14:47
Samir Musayev: “Qarabağ” oyun baxımından Avropanın bəzi komandalarını qabaqlayır"

“Qarabağ”ın sabiq hücumçusu Samir Musayev apasport.az saytına müsahibə verib.

Ağdam klubunun keçmiş forvardı Azərbaycan çempionunun bu gün Avropa Liqasında “Malmö”ya qarşı keçirəcəyi oyundan gözləntilərini bölüşüb.

- Bu gün “Qarabağ” “Malmö”nü qəbul edəcək. Bu matçla bağlı fikirləriniz necədir? Sizcə, “Qarabağ” rəqibini məğlub edə bilər?
- “Qarabağ” oyun baxımından Avropanın bəzi komandalarını da qabaqlayır. Doğrudur, bəzi futbolçuların təcrübəsi azdır. Amma buna baxmayaraq, həmin futbolçular bu cür matçlarda təcrübəsini artıra bilər. “Malmö”nün baş məşqçisinin fikirlərini də oxudum. “Qarabağ”ın “Sparta” və “Reyncers”dən güclü olduğunu deyib. Əslində, düz deyib. Hər komanda qələbə üçün oynayır. “Qarabağ” evdə qələbə üçün oynayacaq.

- Maraqlıdır ki, “Qarabağ” indiyə qədər Skandinaviya klublarını üstəliyib. İsveçdən “Gefle”, “Göteborq”, “Hekken”i də məğlub etməyi bacarıb... 
- Əgər “Malmö” buradadırsa, deməli o biri komandalardan güclüdür. Ancaq “Qarabağ” bunların hamısından üstündür. Ona görə də, rəqibin kimliyi vacib deyil. Əsas olan qələbəni hansı komandanın daha çox istəməsidir. İnanıram ki, “Qarabağ” istədiyi qələbəni qazanacaq.

- Bəs, Azərbaycan çempionunun son 3 oyunda qalib gələ bilməməsi onların özünəinamı sarsıtmaz? Komanda son 3 oyunda qol da vura bilmir...
- Xeyr, inamsızlıq yaratmaz və yaratmayacaq. Burada sadəcə bəxt amili öz sözünü deyib. Çünki inamsızlıq yaransaydı, komanda hər üç oyunda da o qədər qol imkanı yaratmazdı. “Dinamo”(Zaqreb) ilə iki görüşdə, “Tottenhem”lə də Londondakı matçda çoxlu sayda qol şanslarımız var idi. Epizodlar çox olur, sadəcə bəzən təcrübə, bəzən bəxtsizlik epizodları reallaşdırmağa imkan vermir. Allah qoysa, inanıram ki, "Malmö" ilə görüşdə "Qarabağ" üçün bütün neqativlər komandanın üzərindən qalxacaq. Komandamızın qələbəsinə çox inanıram.

- Maraqlıdır, yeni transferlərdən olan Mateuş Koxalskinin performansını necə, bəyəndiniz? “Tottenhem”lə görüşdə buraxılan qollarda səhvləri az olmadı...
- “Tottenhem”ə qarşı oynamaq hər qapıçı üçün təcrübədir. İnanmıram ki, başqası dayansaydı, daha yaxşı olardı. Bilirsiz, nəinki qapıçı, ümumilikdə bütün futbolçular üçün “Tottenhem”ə qarşı oynamaq təcrübədir. Qurban Qurbanov daha yaxşı bilir, “Malmö”yə qarşı hansı qapıçı meydanda olmalıdır. 

- Azərbaycanda çoxları “Malmö”yə aşkar üç xal kimi baxır. Sizcə də, “Malmö” “Qarabağ” üçün asan üç xaldır?
- Xeyr, düzü mən elə baxmıram. Ancaq komandamız dəqiqdir ki, üç xal üçün oynayacaq. Bayaq dediyim kimi, əgər buralara gəlib çıxıblarsa, deməli güclü komandadır. Ona görə hər komandaya ciddi yanaşmaq lazımdı. “Malmö” də Çempionlar Liqasında təsnifat mərhələlərində oynayırdı. Onlar zəif komanda ola bilməz.

- “Qarabağ” hər mövsüm matçdan-matça, zaman keçdikcə daha yaxşı səviyyəyə gəlir, daha yaxşı oynayır. İndi də bu prosesin getdiyini görürsüz komandada?
- Onsuz da, bütün komandalar oyundan-oyuna həm təcrübə baxımından, həm də oyun baxımından artırır. “Qarabağ” da həmin komandalardan biridir. Məncə, komandamız indi ən yaxşı formasındadır. Hər matçda çox yaxşı oyun nümayiş etdirirlər. “Malmö” ilə görüşdə də uğurlu nəticənin olacağına inanıram.

0